
Mahir Emreli Azərbaycanın uğurlu, yoxsa uğursuz legioneridir? – SORĞU
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin mövsümün sonunda Almaniyanın 2-ci Bundesliqa klubu “Nürnberq”dən ayrılacağı dəqiqləşib. Avropada “Nürnberq”dən əvvəl “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) kimi komandalarda çıxış etmiş Mahirin karyerasını hansı klubda davam etdirəcəyi isə hələ ki, bilinmir.
Biz isə “Mahir Emrelinin indiyə qədər olan Avropa karyerasını uğurlu, yoxsa uğursuz sayırsız” sualı ilə idman mediasında çalışan həmkarlarımıza müraciət etdik:
Natiq Muxtarlı (“Aut.az”)
“Mahir Emrelinin Avropa karyerasını uğurlu hesab etmək olmaz. Çünki Mahir heç bir klubda sabit oyun qrafiki əldə edə, əsas heyət oyunçusu ola bilmədi.
Ancaq Mahirin Avropa karyerasını bütün hallarda “cəsarətli addım” saymalıyıq. Azərbaycanlı futbolçuların xaricdə oynamağa qorxması fonunda Mahirin Avropaya üz tutması cəsarətli addımdır. Bu, birmənalıdır.
Amma Mahir orada rəqabətədavamlı ola bilmədi ki, bu da onun günahı deyil. Bu, bütövlükdə Azərbaycan futbolunun problemidir. Mahirə Azərbaycanda futbol oynamağı necə öyrədiblərsə, elə də oynayır. Ancaq Avropaya gedəndən sonra bəlli oldu ki, burada öyrəndikləri Avropada işə yaramır.
Mahir “Legiya”da oynayanda etiraf etdi ki, uşaq futbolunda öyrənməli olduqlarını burada indi öyrənir. Və yaxud, “Nürnberq”in baş məşqçisi Miroslav Kloze demişdi ki, top yan xətdən oyuna daxil ediləndə meydanda necə hərəkət etməli olduğunu Mahirə indi öyrədirik. Bu Mahirin günahıdır? Qətiyyən. Sizə orta məktəbdə “A” hərfini “B” kimi yazmağı öyrətsələr, təbii ki, siz elə də yazacaqsız. Mahirin durumu göstərir ki, Azərbaycanda uşaq futbolu yoxdur. İllərlə bizim dediklərimizin təsdiqidir Mahirin üzləşdiyi problem. Ona görə də, Mahirin Avropa macərasını belə xarakterizə edərdim: Uğursuz, amma cəsarətli”.
Kənan Məstəliyev (“Rekord.az”)
“Mahir Emrelinin Avropa karyerasını çox uğurlu sayıram, çünki hazırda başqa bu tip karyera yaşayan futbolçumuz yoxdur. Hətta uzun müddətdir ki, bu səviyyədə uğurlu olan oyunçumuz yoxdur. Emrelinin “Legiya”ya gedişi belə, səs-küy gətirmişdi və azarkeşlərin sevimlisinə çevrilmişdi. Onun Çempionlar Liqasında və Avropa Liqasında da vacib qolları olub. Biz onun vurduğu qolların necə rəğbət qazandığını hələ də xatırlayırıq. Düzdür ki, bəzi insidentlərdən sonra “Legiya”dan getdi, lakin o, bundan sonra heç də zəif komandaya transfer olunmadı. Mahir “Dinamo”ya getdi və burada Xorvatiya çempionu oldu. Bizim Xorvatiya çempionu olan neçə futbolçumuz var axı? Və ya, “Dinamo” bir də nə vaxt Azərbaycandan futbolçu alacaq? Mənim fikrimcə, bu, Azərbaycan liqası üçün yaxşı oldu.
Mahirin “Nürnberq”ə gəlişi də maraqlı oldu. 2-ci Bundesliqanı heç də zəif saymaq olmaz. Mənə görə, hazırda dünyanın ən güclü 10 liqası arasında 2-ci Bundesliqa var. Buradaki gərginliyi, meydandakı təzyiqi çox az çempionatda görürük. Burada rəqabət yüksək səviyyədədir. Bu rəqabət çərçivəsində “Nürnberq” oyunçusu olmaq, ardıcıl qollar vurmaq, sonradan zədəyə baxmayaraq, ehtiyata düşmək və daha sonra ilk şansda geri dönüb, 3 oyunda 4 qol vurmaq heç də az bir şey deyil. Mahirin bu günə qədərki Avropa karyerasını uğurlu qəbul etmək olar. Əsas məsələ, o, karyerasını davam etdirir və hələ də əsas Bundesliqadan, Türkiyənin aparıcı klublarından təklifləri var. Mahir zəif oyunçu olsa və uğursuz karyeraya sahib olsa idi, ona bu təkliflər gəlməzdi. Mən Mahir Emrelinin bu günə qədər olan karyerasını uğurlu sayıram və əminəm ki, bundan sonra da belə davam edəcək”.
Kənan Həsənov (“Report.az”)
“Azərbaycan futbolçularının legioner həyatı ilə bağlı yaşanan xoşagəlməz tendensiyaları nəzərə alsaq, fikrimcə, Mahir Emrelinin ölkə xaricində çıxışını yaxşı saymaq olar. Hər halda, onun ölkə xaricində uzun müddət öz duruşunu saxlaya bilməsi böyük bir şeydir, irəliyə doğru atılmış bir addımdır.
Mahirin istər “Dinamo”da, istər “Legiya”da, istər bir müddət Türkiyədə “Konyaspor”da, istərsə də “Nürnberq”də çıxış etməsi xaricə can atan azərbaycanlı futbolçular üçün bir örnəkdir. Mənim fikrimcə, onun xaricdə belə çıxış etməsi ölkə futbolu üçün yaxşıdır. Eyni zamanda, 2-ci Bundesliqa da rəqabətədavamlı, güclü və Avropanın diqqət mərkəzində olan bir çempionatdır. Düzdür ki, Mahir “Nürnberq”dən ayrılır, lakin bunun bir çox səbəbləri var. Məncə, əsas səbəb odur ki, o, özünü bu çempionatda yaxşı səviyyədə göstərdi və daha iddialı komandaya keçidi baş tuta bilər. Hər halda, Mahirin “Nürnberq”dəki çıxışı yaxşı alındı. İnanıram ki, o, real təkliflər alıb və bunları dəyərləndirəcək. Ümumilikdə götürdükdə isə Mahir Emrelinin ölkə xaricindəki çıxışını yaxşı qiymətləndirmək olar. “Uğurlu”, “uğursuz”, “əla” demək olmaz, lakin “yaxşı” demək olar. Bundan sonrakı vəziyyəti zaman göstərəcək və inanıram ki, Mahir düz seçim edəcək”.
Ceyhun Əliyev (“Sport24.az”)
“Bu suala birmənalı cavab vermək mümkün deyil. Çünki bir tərəfdən qonşu respublikaların oyunçularını nümunə göstəririk və deyirik ki, biz bu göstəricilərin yüz addımlığında da dayana bilmirik. Ancaq azərbaycanlı Mahiri digər azərbaycanlı həmkarları ilə müqayisə etdikdə, görürük ki, çox parlaq karyera yaşayır. Hətta deyərdim ki, Vəli Qasımov və Nazim Süleymanovdan sonra 3-cüdür. Göründüyü kimi, hər baxışın öz həqiqəti var. Subyektiv fikrim belədir ki, ölkə xaricində oynadığı dönəmdə buraxdığı bütün səhvlərə rəğmən, Emreli inadkarlıq və iradə göstərir. Dolayısı ilə, karyerasını uğurlu hesab edirəm”.
Nəzrin Kazımlı
Bizi Facebook-da izləyin