Mahir Emreli: “Uduzmağı heç kim istəməz”

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Qətər yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Komanda.az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatan matçdan sonra bunları söyləyib:

“Çətin oyun oldu. Qətər yaxşı komandadır. Topla yaxşı oynayırlar. Bizdə bir sıra çatışmazlıqlar oldu. Lüksemburqla matçda çoxlu güc itirmişdik. Həmin qarşılaşma ağır olmuşdu. 10 nəfərlə dayanmadan qaçmışdıq. Buna baxmayaraq, o cür ağır matçdan sonra belə mübarizə aparmaq alqışa layiqdir.

Bizim üçün yaxşı görüş oldu. Sonadək mübarizə apardıq. Sonda bəzi səhvlərə yol verdiyimiz üçün qapımızda qol gördük. Artıq 2021-ci ildə yığmada sonuncu matçımız oldu. Hamı öz klubuna qayıdacaq. Baxaq görək, bizi nələr gözləyir”.

Emreli cari ildə çox yaxşı oyunlarının olduğunu sözlərinə əlavə edib: “Lüksemburqla səfərdə yaxşı oyun sərgiləmişdik. Serbiya ilə matçları da qeyd edə bilərəm. Onlara qarşı hər iki görüşümüzü yaxşı səviyyədə keçirdik. Buraya İrlandiya ilə matçı da əlavə edə bilərəm. Portuqaliya ilə qarşılaşmanı bu sıraya qatmazdım. Onların səviyyəsi hamıya bəllidir. Seçmə mərhələdən əvvəl Millətlər Liqasında yaxşı oyunlarımız olmuşdu.

Futbolçular əllərindən gələni etdi. Biz təlim-məşq toplanışlarına qatılırıq, ailəmizi və yaxınlarımız görmürük. Məşqlər və analizlər edirik. Sonda uduzmağı heç kim istəməz. Mənə inanın, bütün futbolçular əziyyət çəkir. Sadəcə, baş məşqçimiz Canni De Byazinin dediyi kimi, komandaya bir az vaxt lazımdır”. (CBC Sport)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button