Mahir Emreli: “Nürnberq”lə bu şəkildə vidalaşa bildiyim üçün şadam”

Azərbaycan millisinin futbolçusu Mahir Emreli yollarını ayırdığı Almaniyanın 2-ci Bundesliqa klubu “Nürnberq”lə bağlı fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, 27 yaşlı forvard bu barədə “Bild” nəşrinə açıqlama verib.

Emreli 2-ci Bundesliqanın 34-cü turunda “Ayntaxt” (Braunşveyq) komandasına qarşı görüşdən sonra danışıb. Oyunda het-trik edən Mahir bunları deyib:

“Nürnberq” karyeram qısa, lakin çox gözəl idi. İndi başa çatması üzücüdür. Amma bu şəkildə vidalaşa bildiyim üçün şadam”.

Emreli gələcək planları barədə də danışıb:

“Agentimə dedim ki, məni mövsümün sonunadək tək buraxsın. Hələ heç nə qərarlaşdırılmayıb. Son günədək bütün diqqətimi “Nürnberq”ə yönəltmək mənim üçün vacib idi”.

Mövsümün əvvəlində 2-ci Bundesliqa təmsilçisinə keçən Mahir Emrelinin müqaviləsinin müddəti uzadılmayıb. O, “Nürnberq”in heyətində çempionatda 10, ölkə kubokunda 1 qola imza atıb. Azərbaycanlı hücumçu ilə adı açıqlanmayan Bundesliqa klubunun və “Kayzerslautern”in maraqlandığı deyilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button