Mahir Emreli “Legiya”nın məşqində iştirak etmədi

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın “Legiya” komandasının bu gün baş tutan məşqində iştirak etməyib.

Komanda.az xəbər verir ki, 24 yaşlı futbolçu ilə yanaşı, braziliyalı yarımmüdafiəçi Lukinyas da hazırlıq prosesinə qatılmayıb.

Hər iki oyunçunun azarkeşlərin hücumu nəticəsində xəsarət aldıqları üçün məşqə çıxmadıqları ehtimal olunur.

Bu arada “Legiya” azarkeşləri klub prezidenti Dariuş Mioduskinin də istefasını tələb etməyə başlayıb. Fanatlar gecə saatlarında Varşava təmsilçisinin stadionunun qarşısına toplaşıblar. Onlar Mioduski ilə bağlı nalayiq pankartlar açıblar.

Xatırladaq ki, “Legiya” fanatları komandanın Polşa çempionatının 18-ci turunda Plotsk “Visla”sına 0:1 hesablı məğlubiyyətindən sonra Varşava təmsilçisinin futbolçularına hücum edib. Hadisə zamanı Mahir Emreli və komanda yoldaşı Lukinyasa xəsarət yetirildiyi bildirilir.

Yeri gəlmişkən, Polşa Futbol İttifaqı və Ekstraklasa “Legiya” azarkeşlərin son davranışları ilə bağlı bəyanat yayıb. Hər iki qurum rəsmi saytı vasitəsilə baş vermiş insidenti qınayıb. Bildirilib ki, oyunçulara, məşqçilərə, hakimlərə və idman yarışlarının digər iştirakçılarına qarşı istənilən zorakılıq halları yolverilməzdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button