Mərakeş millisinin baş məşqçisi: “Daha 40 il gözləmək istəmirik”
Futbol üzrə Mərakeş millisinin baş məşqçisi Valid Reqraqi Qətərdə təşkil olunan dünya çempionatının yarımfinal mərhələsində Fransa yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, 47 yaşlı mütəxəssis bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Biz finala çıxmaq və qalib gəlmək istəyirik. Bu məqsəd üçün hər şeyə hazırıq. Sabah da inanılmaz enerji ilə oynayacağıq. Yarımfinala vəsiqə qazanmaqla kifayətlənmək fikrində deyilik. Bu, bəlkə də dünya çempionu olmaq üçün yeganə şansdır. Biz yorulmamışıq. Sabah çox qaçacağıq. Ümid edirəm ki, Fransa yığması bizə hörmət etməyəcək. Belə olmasa, işimiz çətinləşəcək”.
Reqraqi “Əl-Bayt” stadionunda keçiriləcək oyunda tribunalarda 20 min mərakeşlinin olacağını söyləyib: “Buna görə sabah evimizdə oynayacağımızı deyə bilərəm. Bu da bizi çox sevindirir”.
Mərakeşlilərin çalışdırıcısı uğura ac olduqlarını gizlətməyib: “Biz acıq. Yetərli olacağını bilmirəm, amma biz Afrikanın dünyanın zirvəsində olmasını istəyirik. Favorit olmadığımızı bilsək də, özümüzə güvənirik. Mundial başlayanda dünya çempionu olmaq şansımız 1 faiz göstərilirdi, indi isə 12 faiz olub. Bu faizi daha da yuxarı çıxarmağa çalışacağıq. Dünya çempionu olmaq üçün cəmi 2 oyun var. Finala çıxmaq və oradan da qalib ayrılmaq istəyirik. Bu hədəfə çatmaq üçün hər şeyi edəcəyik. Bir fürsətimiz var və onu boşa vermək, daha 40 il gözləmək istəmirik”.
Xatırladaq ki, dekabrın 14-də keçiriləcək Fransa – Mərakeş matçına Bakı vaxtı ilə saatı 23:00-da start veriləcək.
Bizi Facebook-da izləyin