“Bakıda bizi çox çətin oyun gözləyir” – Xabi Alonso
“Bayer” (Leverkuzen) klubunun baş məşqçisi Xabi Alonso “Qarabağ”a qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cu tur oyunundan gözləntilərini bölüşüb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis səfərə üç xal üçün yollanacaqlarını söyləyib:
“Bakıda bizi çox çətin oyun gözləyir. Evə uğurlu nəticə ilə qayıtmaq üçün əlimizdən gələni etməliyik. Tapsoba əməliyyat olunduğu üçün qarşıdakı görüşlərdə bizə kömək edə bilməyəcək. Demək olar ki, hər oyunda dəyişikliklər edirik. Eyni zamanda, fərqli sistemlərdə çıxış etməyi bacarırıq.
“Qarabağ”ın ölkə çempionatında son oyununa baxmışam. Onların çox yaxşı komanda olduğunu bilirəm. Ancaq bu, Azərbaycan çempionatının matçı idi. Avropa Liqasında fərqli olur. Əminəm ki, “Qarabağ” Leverkuzendəki matçdan fərqli oyun ortaya qoyacaq.
Bu, bizim üçün yeni hal deyil. Daha uzun yol qət etdiyimiz anlar olub. “Qarabağ” da bura gələndə uzun yol qət etmişdi. Məqsədimiz üç xal qazanmaqdır. Buna görə də, yol amilinin çətinlik törətməyəcəyini hesab edirəm”.
Noyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” oyunu saat 21:45-də başlayacaq.
Bizi Facebook-da izləyin