“Barselona” məni heyətinə qatanda çox oynamaq istəyirdim”
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen Kataloniya klubuna keçdikdən sonra keçirdiyi çətin dövrdən danışıb.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, almaniyalı futbolçu “Barselona”ya təzə qoşulanda çox oynamaq istədiyini bildirib:
“Barselona” məni heyətinə qatanda çox oynamaq istəyirdim, amma hər şey ən pis şəkildə başladı. İndi daha sakitəm. Klaudio Bravo ilə müqavilə bağlayanda klubun nə düşündüyünü başa düşürdüm. Mənim kimi gənc qapıçı üçün işlər ya yaxşı, ya da pis gedə bilərdi. Klaudio artıq “Real Sosyedad”da oynamışdı, o, La Liqanı tanıyırdı və orada olduğu iki ildə bunu sübut etmişdi, əla idi. Mənim edə biləcəyim tək şey işləmək və şikayət etməmək idi, bunu da etdim”.
32 yaşlı qolkiper 2014-cü ilin iyulunda “Barselona”ya keçib. Eyni zamanda, Kataloniya klubu “Real Sosyedad”dan Klaudio Bravo ilə müqavilə imzalayıb.
Bizi Facebook-da izləyin