“Məni yalnız “Neftçi” maraqlandırır” – Mutu

“Neftçi”nin baş məşqçisi Adrian Mutu komandanın vəziyyətindən danışıb.

Komanda.az “Gazeta Sporturilor” nəşrinə istinadən xəbər verir ki, rumıniyalı mütəxəssis hazırda komandada vəziyyətin ürəyincə olduğunu bildirib:

“Bir aydır məğlubiyyətsiz irəliləyirik, komanda daha yaxşıdır. Azərbaycanın ən böyük klublarından biri olan “Neftçi”də həmişə təzyiq var. Burada hər kəs nəticə gözləyir”.

Mutu gələcəkdə Rumıniyada çalışmaq arzusunu gizlətməyib:

“Mənimlə heç kim əlaqə saxlamayıb. Uzun illərdir adım ÇFR ilə birgə hallanır. Gerçək olmayan mövzu haqqında danışmağa ehtiyac yoxdur. Məni indi yalnız “Neftçi” maraqlandırır. Bütün diqqətimi tam şəkildə komandama yönəltmişəm. Gələcəklə bağlı indidən nəsə demək düz olmaz. Həmişə demişəm ki, Rumıniyada çalışmağı xoşlayıram”.

“Neftçi”nin baş məşqçisi Azərbaycan Premyer Liqasının 17-ci turunda “Qarabağ”a qarşı keçiriləcək matça da toxunub:

“Onlarla oyunlar son 10 ildə ənənə halını alan derbidir. “Qarabağ” 10-15 ildir çox inkişaf edib. Bizi çox çətin oyun gözləyir. “Qarabağ” yaxşı komandadır, bunu Avropa Liqasının qrup mərhələsindəki nəticələrlə sübut edib. Çempionlar Liqasında da mübarizə aparıblar, yüksək keyfiyyətə malikdirlər. İndi isə Avropa Liqası üçün yarışırlar”.

“Qarabağ” – “Neftçi” oyunu dekabrın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. “Ağ-qaralar” hazırda 25 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button