“Mən yaxşı adam olmaq istəmərəm, çünki…” – Mourinyo
“Mançester Yunayted”in keçmiş baş məşqçisi Joze Mourinyo “qırmızı şeytanlar”dakı karyerası ilə bağlı açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, bu mövsüm yaşadıqları ilə bağlı danışıb:
“Çempionlar Liqasında “Yuventus” və “Valensiya”nın olduğu çətin bir qrupdan çıxmağı bacarmışdıq. Qəbul edirəm ki, Premyer Liqadakı nəticələr yaxşı deyildi. Ümumi olaraq futbolçularda çox böyük sarsıntı hiss olunurdu, çünki onlardan gözləntilərimiz də çox idi.
Burda keçirdiyim ikinci mövsüm fantastik idi, çünki gözləntilər və nəticə bir-birinə uyğun idi. Bunu futbolçuları bir portağal kimi çox sıxaraq bacardım və ikinci olduq. Bu, karyeramın ən böyük uğurudur. Klubun statusu ilə futbolçuların səviyyəsi, peşəkarlığı, hirsi, çalışqanlığı, istedadı uyğun olarsa, onları sıxmaq məcburiyyətində qalmazsan. Beləliklə, onlarda sarsıntı da olmaz”.
56 yaşlı mütəxəssis, klub rəhbərliyindən dəstək görmədiyini də deyib:
“Klub rəhbərliyindən dəstək görməsən, tək qalarsan. Sən yaxşı olsan da, sənə qarşı olan bəzi futbolçular çox danışmağa başlayarlar. Mən yaxşı adam olmaq istəmərəm, çünki yaxşıları üç ay içərisində oyuncaq halına gətirərlər, sonları yaxşı olmaz. Amma pis də olmamalısan. Bir tarazlıq tapmağın lazımdır.
Baş məşqçi ibtidai məktəb müəllimi ilə eyni nöqtədədir və məncə, bu, bir problemdir. Bir gün futbolçularımdan biri gəlib, “məni tənqid etmək istəyirsənsə, xahiş edirəm, bunu digər futbolçuların yanında etmə” dedi. Ondan bunun səbəbini soruşanda, cavabı belə olmuşdu: “Çünki bu, statusumu sarsıdır”. Məhz bu vəziyyətin dəyişməsi lazımdır. Komanda komandadır. Burda olan bir qrup futbolçu əslində qardaşdırlar. Baş məşqçi də ata kimidir. Bu ailədəsənsə, hər şey açıq danışılmalıdır. Böyük bir futbolçu gəlib sənə belə şeylər deməməlidir. Baş məşqçi hər zaman futbolçulara yaxşı söz deyə bilməz, amma hər kəslə mübahisə də etməməlidir. Bir mövqe tapıb, heyəti yaxşılaşdırmağı lazımdır.
Baş məşqçisənsə, müdir kimi, güc səndəymiş kimi davranmamalısan. Baş məşqçi lider olmalıdır”.
Bizi Facebook-da izləyin