“Mən gələndə akademiya və onun strategiyası istənilən kimi deyildi”
“Neftçi” Futbol Akademiyasının sabiq direktoru Mik Benet klubun rəsmi saytına müsahibə verib.
Komanda.az xəbər verir ki, müqavilə müddəti başa çatdığı üçün qarşılıqlı razılaşma əsasında əməkdaşlığa son qoyulan ingiltərəli mütəxəssis buradakı 2 illik fəaliyyətini dəyərləndirib, etdiyi dəyişiklərdən danışıb və akademiyanın gələcəyi ilə bağlı fikirlərini bildirib.
- “Neftçi” Futbol Akademiyasındakı 2 illik fəaliyyətinizi necə dəyərləndirirsiniz?
- Mən gələndə akademiya və onun strategiyası istənilən kimi deyildi. İndi klub daha yaxşı vəziyyətdədir və özünü “Akademiya” statusuna yaxın hesab edə bilər. Təqdim etdiyim bir çox yeni strategiya sayəsində məşq və oyun tərzi, eləcə də oyunçular, məşqçilər və valideynlər arasında ünsiyyət çox yaxşılaşdı. Artıq hər şey daha peşəkar səviyyədə edilir. Akademiyanın uğur qazanması üçün bu proses davam etdirilməli və standartlara riayət edilməlidir. Görüləsi işlər hələ çoxdur.
- Bu müddət ərzində akademiyada hansı dəyişikləri edə bildiniz?
- “Bolton”da (“Uoderers) 10 illik təcrübəmdən sonra məşhur “Mançester Yunayted” Akademiyasındakı 10 illik təcrübəm əsasında hər yaş qrupu üçün texniki proqram yaratdım. Oyun təhlilini, matç hesabatlarını təqdim etdim. Məşqçilərin rəyləri, sessiyanın planlaşdırılması, davranış qaydaları, intizam prosedurları, aylıq heyət iclasları, oyunçuların müqavilələrinin daha rahat sistemlə tənzimlənməsi və yenilənməsi, komandaların xarici səfərlərə göndərilməsi, məşq yerlərinin və təlim təşkilinin yaxşılaşdırılması – bütün bunlar üçün çalışdıq. Ümumiyyətlə, məşqçilərdən daha çox məsuliyyətli olmağı, daha çox çalışmağı, öyrənməyi və açıq fikirli olmağı, bütün oyunçular və valideynlər ilə daha yaxşı münasibət qurmağı istədim. Yüksək standartlar qoydum və hər kəsin ən yaxşısını hədəfləməsini gözlədim.
- “Neftçi” Futbol Akademiyasının gələcəyi ilə bağlı nə deyə bilərsiniz?
- Akademiya tezliklə klubun bazasına köçəcək ki, bu da böyük fərq yaradacaq. Bu dəyişikliyin çox əhəmiyyətli olacağını vurğulaya bilərəm. “Neftçi” Futbol Akademiyasının təqib edə biləcəyi əsas bir quruluş və təməl tətbiq etdim. Bu, oyunçuların və məşqçilərin inkişafına kömək edəcək. Hər hansı bir futbol akademiyası üçün son məqsəd əsas komanda üçün kifayət qədər yaxşı oyunçular yetişdirməkdir.
- Akademiyada Azərbaycan futboluna, “Neftçi”yə uğur gətirə biləcək gənc futbolçular varmı?
- Klubda peşəkar ola biləcək, milli komandada çıxış edə biləcək oyunçular var. Ancaq əsas diqqət liqalarda qələbə qazanmaqdan çox fərdi oyunçuların inkişafına yönəldilməlidir. Məşqçilər, məşqçilik metodlarını inkişaf etdirməyə və gələcək üçün oyunçuların inkişafına kömək etməyə görə şəxsi təhsillərini davam etdirməlidirlər. Əslində isə mən məşqçilərin gənc oyunçulardan çox şey gözlədiklərini görürəm. 10 yaşdan 16 yaşa qədər çox şey ola bilər, futbolda heç bir zəmanət yoxdur. Yeniyetmələr meydanda və meydandan kənarda təzyiqlərlə üzləşə bilərlər. Peşəkar bir müqavilə və oyunçu gözləntilərinə dair ciddi diqqət 16 yaşında olmalıdır. Bu yaşda oyunçunun potensialı daha real görünür. Nümunə olaraq, Pol Poqbanı və Markus Reşfordu göstərə bilərəm. “Mançester Yunayted”də, ictimaiyyətdə, klub xaricində əsas komandada oynayanadək onlar haqda heç kim heç nə eşitməmişdi. Gənc oyunçular kənar təzyiqdən qorunur və bu onların inkişaf etməsinə şərait yaradır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin