“Mən də istərdim ki, komandamda 300-400 minlik futbolçu olsun” – Tərlan Əhmədov
“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədovun Azərbaycan Premyer Liqasının 18-ci turunda “Qəbələ”ylə qolsuz bərabərliklə nəticələnən səfər matçından sonra mətbuat konfransı keçirilib.
Komanda.az xəbər verir ki, 48 yaşlı mütəxəssis əvvəlcə qarşılaşma haqda danışıb:
– Komandamın oyunundan razı qalıdm. Nəticə oyuna görə oldu. Qarşılaşmaya yaxşı köklənmişdik. Az səhvə yol verdik, rəqibi təzyiq altında saxlaya bildik. Ən böyük problemimiz ondadır ki, qol vəziyyətlərindən istifadə edə bilmirik. Hər oyundan oyuna inkişaf edərək nəyəsə nail olmağa çalışırıq. Hələ şansımız var.
– Hər hissəyə fərqli tapşırıq olmuşdu?
– Həmişə hücum futbolunu xoşlamışam. Futbolun gözəlliyi qoldur. Demək olmaz ki, şanslarımız yalnız standart vəziyyətlərdən sonra yaranırdı. Başqa “silahımız” da var. Amil Yunanovun da özəllikləri var. Bildiyiniz kimi, Qəbələ dəniz səviyyəsindən hündürdü, adaptasiya 3 gün əvvəl olmalıdır. Futbolçularda oksigen çatışmazlığı var. İkinci hissədə 15 dəqiqə sonra hiss olundu ki, komandam “oturmuşdu”. Məşqçinin hərdən əli meydançanın içinə çatmır. Hər halda, 1 xal da 1 xaldır.
– İlk hissədə bir epizoda görə çox aqressiv olduz və hətta baş hakim sizə yaxınlaşaraq iradlarını bildirdi…
– Heç bir qayda pozuntusunun olmadığını bildirdim. Elə bir aqressivlik yox idi ki, sarı vərəqə olsun. Sarı vərəqə limitiləri həddən artıq çoxdur. Futbolçularda istər-istəməz qorxu yaranır ki, bu da oyuna təsirini göstərir. Xoşladığımz futbol az fit, çox mübarizə olsun.
– Qış fasiləsindən sonra sizi ən çox nə razı salır, nə narazı?
– Düşünürəm ki, komandamız istədiyim futbolu oynayacaq. Qol epizodlarından yararlana bilmirik. Komandamızın qış fasiləsindən sonra daha çox mübarizə aparması, özünəinam yaranması məni sevindirir. Qalib gələ bilmirsə, bu, səhvimdir. Hər şeyi birdən həyata keçirmək olmur.
– “Keşlə”nin builki hədəfi nədir?
– Hər birimiz istəyirik ki, yuxarı yerlər uğrunda mübarizə aparaq. Bəli, keçən il “Keşlə” kuboku qazanıb. Ancaq komandanın liderləri həmin vaxt uzaqlaşdırılıb. Gedənlərin yerini hələ doldurmamışıq. Keçənilki komanda kimi formalaşdırmağa çalışırıq. Ancaq zamanım yoxdur. Reallıqla danışaq ki, “Qarabağ” və “Neftçi” qədər büdcəmiz yoxdur. Mən də istərdim ki, komandamda 300-400 minlik futbolçu olsun. Elə futbolçular vardı ki, bizim şərtlər onları qane etmədi. (sport24.az)
Bizi Facebook-da izləyin