Məmmədyarov yarımfinalda, Rəcəbov uduzdu
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “New In Chess” adlı 5-ci mərhələsində 1/4 finala yekun vurulub.
Komanda.az xəbər verir ki, Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov yarımfinala vəsiqə qazanıb.
1/4 final mərhələsinin ilk görüşlərində Alireza Firuzcaya (FİDE) 3:1 hesabı ilə qalib gələn 36 yaşlı qrossmeyster bu raundun digər qarşılaşmalarında da rəqibinə şans verməyib. Birinci və üçüncü partiyalarda qara fiqurlarla qələbə qazanan Məmmədyarov ikinci görüşdə heç-heçə edib. Nəticədə 4-cü partiyanı oynamağa ehtiyac qalmayıb. Onun yarımfinaldakı rəqibi 1/4 finalda Le Kuanq Lyemi (Vyetnam) mübarizədən kənarlaşdıran Hikaru Nakamura (ABŞ) olacaq.
Teymur Rəcəbov isə 1/4 finalın ikinci günündə Maqnus Karlsenə uduzaraq, mübarizəni dayandırıb. Onların arasındakı ilk görüşlər 2:2 hesabı ilə başa çatmışdı. Karlsen yarımfinalda Levon Aronyanla (Ermənistan) qarşılaşacaq.
Yarımfinal görüşləri də 2 gün davam edəcək. Qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brekə ehtiyac duyulacaq.
Maqnus Karlsen (Norveç) – Teymur Rəcəbov – 2,5:1,5 (ilk görüş 2:2)
Şəhriyar Məmmədyarov – Alireza Firuzca (FİDE) – 2,5:0,5 (3:1)
Levon Aronyan (Ermənistan) – Uesli So (ABŞ) – 2:1 (3:1)
Le Kuanq Lyem (Vyetnam) – Hikaru Nakamura (ABŞ) – 1:2 (1,5:2,5)
Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirə mayın 2-də yekun vurulacaq. Qalib 30 000 ABŞ dolları qazanacaq.
Bizi Facebook-da izləyin