Məmmədyarov Domingeslə üz-üzə
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün Rumıniyanın paytaxtı Buxarestdə “Grand Chess Tour” seriyasının birinci mərhələsi olan “Superbet Chess Classic” turnirində növbəti görüşünü keçirəcək.
Komanda.az xəbər verir ki, 37 yaşlı qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın 8-ci turunda ABŞ təmsilçisi Lenyer Domingeslə üz-üzə gələcək. O, ağ fiqurlarla oynayacaq.
Məmmədyarov 7-ci turda rusiyalı Yan Nepomnyaşiyə qalib gəlib. Daha əvvəlki qarşılaşmalarına gəlincə, o, 1-ci turda Uesli Soya (ABŞ), 5-ci turda Fabiano Karuanaya (ABŞ) uduzub, 2, 3, 4 və 6 turlarda müvafiq olaraq, Rixard Rapport (Macarıstan), Maksim Vaşye-Laqrav (Fransa), Boqdan Danyel-Dayakla (Rumıniya) və Alireza Firuzca (Fransa) ilə heç-heçə edib. Təcrübəli şahmatçı hazırda 2 xalla sonuncu – 10-cu pillədə qərarlaşıb.
Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 dollardır.
Ötən il baş tutan “Superbet Chess Classic” turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.
Bizi Facebook-da izləyin