“Məyus edən məqam zədəlilərimizin olmasıdır” – Rəşad Sadıqov
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 1-ci turunun “Səbail”lə ev oyunundan sonra keçirilmiş mətbuat konfransında fikirlərini paylaşıb.
Komanda.az xəbər verir ki, o, 4:1 hesabıyla qalib gəldikləri matçla bağlı bunları söyləyib:
“Futbolçularımı təbrik etmək istəyirəm. İlk növbədə bu oyuna hazırlaşdıqları üçün. Vaxtımız çox deyildi. İlk dəqiqədən sona qədər futbolçular oyuna çox yaxşı köklənmişdilər. Bu da mənim üçün çox önəmlidir. Yaxşı başladıq. Fasilədə rəqibin irəli atılacağını ehtimal edirdik. İlk dəqiqələr çətin oldu, amma sonradan bir qol da vurub qalib gəldik. Mövsümə başlamaq həmişə çətindir. Futbolçularıma peşəkarlığa görə təşəkkür edirəm.
“Osiyek” yaxşı komandadır. Əvvəl daha çox topla oynayırdılar. İtaliyalı məşqçinin gəlişindən sonra həm toplu, həm də topsuz olaraq yaxşıdırlar. Aqressivdilər. Rəqibi analiz etmişik. Birigün yola çıxırıq. Vaxtımız var idi, bir az təhlil etdik. Biz də yaxşı hazırlaşacağıq. İstədiyimiz rotasiyaları etdik. Vacib olan odur ki, kimsə yüklənmiş, yorğun halda oyuna çıxmasın. Uzun yol gedəcəyik. Məyus edən məqam zədəlilərimizin olmasıdır. Öz hədəflərimiz var. Düşünürəm ki, iki maraqlı oyunun şahidi olacağıq. Rafael Utsiq zədələnib. Tiaqo Silva, Pyer Zeblidə də həmçinin zədələr var. Onlar bizim üçün çox önəmli oyunçulardır. “Osiyek”ə qarşı oynayıb-oynamayacaqları yaxın günlərdə bilinəcək”.
Bizi Facebook-da izləyin