“Mən robot deyiləm, mükəmməl də deyiləm” – Van Dayk
İngiltərə Premyer Liqasının 20-ci turu çərçivəsində “Vulverhempton”a 1:0 hesabıyla qalib gələn “Liverpul”un müdafiəçisi Vircil van Dayk açıqlama verib.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, niderlandlı futbolçu, çətin oyuna baxmayaraq, qalib gəldikləri üçün xoşbəxt olduğunu bildirib:
“Çətin oyun oldu, “Vulverhempton” yaxşı komandadır, yüksək səviyyəli futbolçuları var. Rəqib bizim üçün oyunu çox çətinləşdirdi. Belə oyunlarda çox səbrli olmalıyıq. Topu uzun müddət özümüzdə saxlamağı bacarırdıq və səbrli oynayırdıq, məncə, ən vacibi bu idi. Hər zaman daha tez qol vurmaq istəyirik, amma belə yaxşı müdafiə olunan komandalara qarşı çox diqqətli və səbrli olmalısan. Üç xal qazandığımız üçün xoşbəxtik.
Düzü, hazırkı vəziyyətimizdən məmnunuq, amma bununla kifayətlənməməliyik. Mövsümün yarısındayıq, hələ qarşıda çox vaxt var, buna görə də, daha artığını bacarmaq istəyirik. Hazırda etməyimiz lazım olan məsələ növbəti oyuna köklənməkdir”.
28 yaşlı futbolçu, “qırmızılar”ın heyətində 100-cü oyununu keçirməsi ilə bağlı da danışıb:
“İlk gündən indiyədək bir çox oyun keçirmişəm. Formada qaldığım üçün sevinirəm. Düzdür, hər zaman daha yaxşı vəziyyətdə ola bilərsiz, amma mən robot deyiləm, mükəmməl də deyiləm. Hazırda bu vəziyyətdən zövq alıram, bunun necə bitəcəyini görəcəyik”.
Bizi Facebook-da izləyin