“Mən nəticəyə hesablanmış futbol oynatmıram” – Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 17-ci turunun “Turan Tovuz”la görüşündən sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Gərgin matçın şahidi olduq. Qoldan sonra oyunun gedişatı dəyişdi. Meydanda taktiki savaş gedirdi. Ani diqqətsizlikdən qol buraxdıq. Bundan sonra üstünlük bizim tərəfə keçdi. Təəssüf ki, qol imkanlarından istifadə edə bilmədik. Bərabər səviyyəli oyun gedirdi. Qol vuran qalib gələcəkdi. Artıq bu oyun geridə qaldı, növbəti matça hazırlaşacağıq. Qarşıda bizi “Turan Tovuz”a qarşı kubok matçı da gözləyir. Qısa müddətdə eyni rəqiblə oynamaq heç bir komandaya xoş deyil. Kubokda ən çətin rəqib bizə və “Kəpəz”ə düşüb. Vaxtımız azdır. Rəqibin əhval-ruhiyyəsi yüksək olacaq. Ancaq biz oyuna köklənəcəyik. “Turan Tovuz” səfərdə daha yaxşı oynayır. Hər hansı üstünlüyümüz olmayacaq.

Qışda hücum xəttinə mütləq şəkildə transfer etməliyik. Başqa mövqeləri də gücləndirə bilərik. Mən müdafiə futbolu oynatmıram. Ola bilər ki, “Sabah” və ya “Qarabağ”a qarşı müdafiə olunmuşuq. Digər rəqiblərlə matçlarda müdafiə futbolu oynamamışıq. Qol vura bilmirik, bu, başqa məsələdir. Bunun üzərində işləyirik. Göstərdiyimiz oyunla nəticə arasında balans düzgün deyil. Oyun 1-2 epizodla şərh olunmamalıdır. Mən nəticəyə hesablanmış futbol oynatmıram. Meydana çıxıb hücumçuların yerinə qol vura bilmərəm ki. Biz arxada ötürmə ilə oynamağı xoşlayırıq. Mənim oynatdığım futbol müdafiə futbolu kimi görünürsə, şərh etməyə sözüm yoxdur. İlk dəfədir ki, bu gün 3 mərkəz müdafiəçisi ilə oynadıq. Bu da rəqibə uyğun idi. İstəyərəm ki, epizodları təhılil edək, statistikaya baxaq. 17 oyunun 11-12-də hücum futbolu oynamışıq. Meydanda heyətimiz də hücumameyilli olub. Bu fikir bilirsiz haradan yaranıb? 1-ci yerdə gedirik deyə, daha baxımlı oyun gözləyirlər. Biz buna hazır deyilik. “Qarabağ”, “Sabah”la hücum futbolu oynaya bilmərik. Mən müdafiə futbolu oynasaydım indi 8 yox, 3 qol buraxardıq. Qapıçılarımız, müdafiəçilərimiz etibarlı oynayır.

Dörd oyundur ki, qələbə qazanmırıq. Bu gün məğlubiyyətə layiq deyildik. Yaratdığımız qol epizodlarından istifadə edə bilmirik. Başımızın bəlası budur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button