“Mən – dünən klub təsisçisi olan adam, bu gün necə gedib hamballıq edə bilərdim?” – Yazı+Foto
Elnur Mirzəyev Quba şəhərində yaşayır. Hazırda taksi sürücüsüdü. 2004-cü ildə “Quba” Peşəkar Futbol Klubunu yaradıb. Lakin bir müddət sonra klub fəaliyyətini dayandırıb. Səbəb əksər klublarda olduğu kimi maliyyə çatışmazlığı olub. 2019-cu ildə isə Açıq Əyləncəli Məhəllə Futbol Liqasını (AƏMFL) yaradıb. Elə həmin il Quba rayonunda Heydər Əliyevin xatirəsinə həsr olunmuş AƏMFL-in futzal turnirini yüksək səviyyədə təşkil edib. Bu yarışın xüsusiliyi, fəqliliyi onda idi ki, Mirzəyev bura xeyli sponsor cəlb edə bilib və bunun hesabına yarışın bütün xərclərini qarşılayıb. Lazımi qurumlarla əlaqə qurub, çempionatın yüksək səviyyədə başa çatmasına da nail olub. Bunu həmin yarışı izləyən istənilən şəxs təsdiq edə bilər. Bütün bunlar onun əla bir təşkilatçı olmasını sübut edir. Elnur müəllim həm də əla müsahibdi. Bu səbəbdən, söhbətimiz çox uzun, eyni zamanda maraqlı alındı. Onunla yaratdığı liqa, keçirdiyi yarış və ümumiyyətlə, futbol haqqında söhbət etdik. Düşünürəm ki, özünüzə vaxt ayırıb bu maraqlı şəxsin fikirləri ilə tanış olsaz, xeyli faydalanmış olarsız.
Özüm haqqında
“Özüm haqqında nə deyə bilərəm? Orta təhsilliyəm. Düzdü, iki dəfə ali məktəbə qəbul olmuşam, amma hər ikisində də maliyyə imkansızlığı, sosial problemlər ucbatından təhsilimi başa vura bilməmişəm. Qarışıq dövlər idi, 1993-94-cü illər. Amma yenə, heç də özümü ali təhsillilərdən geri saymıram, çünki həyat təcrübəsi var. Düşünürəm ki, həyat təcrübəsi təhsildən üstündü.
Məktəb dövründən idmana həvəsim olub. Bilmirəm, bəlkə də genetikdi. Babam Mirzəyev Məcid vaxtı ilə rayonda müxtəlif vəzifələrdə çalışıb. Rayon İcrayyə Komitəsi sədrinin birinci müavini, Raykoopittifaqın, tikinti trestinin müdiri vəzifələrində işləyib. Eyni zamanda, bu insan həmişə idmana dəstək verib, xüsusilə, Quba futboluna. Məhz onun dövründə Quba komandası ilk dəfə rayonlar arasında birinci yeri tutub. O zaman “Spartak” adlanan komanda, 1959-cu ildə Azərbaycan kubokunu qazanıb, 1961-ci ildə isə çempionu olub. Bu nəticələrin əldə edilməsində babamın fəaliyyəti danılmazdı.
Sonrakı illərdə komanda “Şahdağ” adlanan vaxtlarda atam Fərhad Mirzəyev də Quba şəhər İcrayyə Komitəsinin sədr müavini vəzifəsinə qədər yüksəlmişdi və onun da komandaya çox köməyi dəyib. Hətta sonradan sahibkarlıq fəaliyyəti ilə məşğul olanda da (kooperativləri var idi) öz şəxsi vəsaitindən futbolçulara əmək haqqı verib. Atam da, babam da, müntəzəm olaraq futbolla maraqlanıb və dəstək veriblər. Ümumiyyətlə, onlar rayonun sosial həyatına, idman həyatına çox maraqlı olublar və buna rəsmiyyət xatirinə yox, ürəkdən yanaşıblar.
Belə görünür ki, məndə olan bu futbol həvəsi genetikdi. Eyni zamanda təşkilatçılıq da bir çox hallarda övladlara genetik keçir. Mən özümdən asılı olmayaraq məktəb dövründən – beşinci sinifdən başlayaraq, sinfimizin komandası ilə başqa siniflərin komandalarının futbol, basketbol, voleybol oyunlarını təşkil edirdim. Gedib ikinci növbə yığışıb, paralel siniflərlə yarışlar keçirdirdik. Ədə etdiyimiz nəticələr də uğurlu olurdu. Çünki işin təşkili baxımından fəaliyyətim yaxşı idi.
1994-cü ildə Quba şəhərində şəhid Hacıbaba Əliyevin xatırəsinə həsr olunmuş məktəblərarası rayon spartakiadası keçirilirdi. Bu spartakiadada futbol, voleybol, basketbol və başqa yarışlar var idi. Həmin vaxt 11-ci sinifdə oxuyurdum. Mən məktəbimizin yığma komandasını təşkil etdim və biz bu yarışda hamıya qalib gələrək voleybolda da, basketbolda da, futbolda da birinci yeri tutduq. O vaxt məktəbdə, hər oyundan gələndən sonra plakatlar düzəldib məktəbin giriş qapısının divarına vururduq ki, məktəbimiz yarışdığını görsünlər. Qalib gəldiyimiz gün məktəbimizə kubokları gətirəndə bütün müəllimlərimiz bizimlə həqiqətən fəxr edirdilər.
Demək, bu dediyim, sadaladığım işlərə əsasən bu nəticəyə gəlmək olar ki, məndə olan futbol həvəsi və təşkilatçılıq, görünür genetikdi, atadan, babadan gəlir.
Futbola nə qədər həvəsim olsa da, bu gerçəklikdi ki, istedadlı futbolçu olmamışam. Kimdəsə futbol istedadı güclü olur, kimdəsə təşkilatçılıq qabiliyyəti. Bunlar fərqlidi. Çünki hər bir insanın şüurunun, psixikasının formalaşması var. Hər bir insanın həm də potensialı var. O potensiala görə sən uzaqbaşı, müəyyən bir yerə yaxınlaşa, hansısa bir nəticə əldə edə bilərsən. Amma uğur əldə edə bilmək üçün sənin daxilən, necə deyərlər, genetik bir quruluşun olmalıdı – həm fiziki cəhətdən, həm əqli cəhətdən… Bir sözlə, həmin sahə üzrə istedadın olmalıdı. İstedad olanda güclü məşqçiyə ehtiyac olur. Futbol oynamaq istəyənin mənim kimi həvəsi varsa, amma istedadı yoxdusa, biz ona yaxşı şərait yaratsaq, stimul versək və o insan da qabağına məqsəd qoyub inkişafa doğru getmək istəsə, nəticə etibarı ilə bəlli bir yerə çata bilər, amma ondan yuxarı qalxması mümkün deyil. Deməli, bugünkü futbolumuzun ən böyük problemlərindən biri də daxili potensialın düzgün araşdırılmaması və maksimim istifadə olunmamasıdı”.
AƏMFL-in yaranması
“Kifayət qədər təşkilatçılıq bacarığı və futbol həvəsi olan olan bir insan kimi, püxtələşən, formalaşan dövrümdən Quba rayonunda futbolun inkişafı üçün əlimdən gələni etməyə çalışmışam. Hətta “Quba” peşəkar futbol klubunu təsis etmişəm. Həmin vaxt çoxlu mübarizə apardıq, sponsorlar axtardıq, yəni müxtəlif yollarla komandanı saxlamağa çalışırdıq. O zaman mənə məlum oldu ki, yalnız güclü iqtisadiyyatı olan yerdə futbol inkişaf edə bilər. İqtisadiyyat deyəndə bu gün topdansatışların çox olmasını nəzərdə tutmuram. Böyük müəssisələrin, zavodların, fabriklərin sayı çox olmalıdı ki, gəlir mənbələri böyük olanlar klubu maliyyələşdirmə gücündə olsun.
Belə bir potensialın rayonumuzda olmadığını nəticəsinə gəlib, yeni ideya ətrafında düşündüm. Elə bir qurum yaratmaq lazımdı ki, bu, özü-özünü maliyyələşdirsin, beləliklə, camaatımız futbolsuz qalmasın və həm də istedadlı gənclərə qapı açılsın. Beləliklə, bu uzunmüddətli düşüncələr Açıq Əyləncəli Məhəllə Futbol Liqasının (AƏMFL) yaranması ilə nəticələndi.
AƏMFL-in abreviaturasını açsaq, burda açıq – bütün yaşlara açıq deməkdi. Yəni yaş kateqoriyası yoxdu, hər bir özünə güvənən şəxs burada iştirak edə bilər.
Təşkilatımızın adındakı ikinci söz əyləncədi. Bəs bu nə deməkdi? Yəni bizim yarışda məqsəd birinci növbədə əylənməkdi. Hədəf peşəkarlıq deyil, insanlara asudə vaxtını səmərəli keçirmək üçün əyləncə yaratmaqdı. Futbolu sevdirmək, futbol sevgisini yaratmaq üçün əyləncənin olması əhəmiyyətlidi.
Məhəllə – nəyi ifadə edir? Biz bu sözün altında təkcə hansısa məhəlləni yox, həm də küçəni, kəndi, qəsəbəni nəzərdə tuturuq. Yəni hansısa bir ərazinin futbolçularını. Məhəllə dedikdə hansısa iş yeri, dostların birliyi də ola bilər. Bundan başqa, hətta bu, eyni əqidə sahibləri, həmişə bir yerdə olan kollektivlərin birliyi də ola bilər.
Quba uğurlarına görə məhəllə futboluna borcludu. Çünki o vaxt hər məhəllədə futbol var idi. Hər il məhəllələr arası yarışlar keçirilirdi və istedadlar avtomatik olaraq ortaya çıxıb yoluna davam edirdi. Bunun nəticəsində Quba “Spartak”ı ilk dəfə Bakı komandalarının hegomonluğuna son qoyub Azərbaycan çempionu olmuşdu və kuboku başı üzərinə qaldırmışdı. Bizim layihədə məhəllə sözünün yer almasının səbəblərindən biri də budur. Yəni futbolun inkişafı üçün məhəllə vacibdi.
Abreviaturanın sonundakı FL hərfləri isə Futbol Liqası anlamını verir ki, bunun da izaha ehtiyacı yoxdu.
2005-ci ildə klub yaradan zaman orda yetişən uşaqları bu yeni yaratdığım liqada, AƏMFL-də bir araya gətirə bildik. Həmin çempionatda oynayan uşaqların əksəri vaxtilə “Quba” PFK-da yetişən uşaqlar idi. Hamısı da məni Elnur müəllim kimi tanıyırdı, yəni yad bir insan kimi yox”.
Yarışın təşkili
“Mən bir futbol həvəskarı kimi, həftədə bir neçə dəfə, bəzən az, bəzən çox, kollektivimizlə futbol oynamağa gedirdik. Görəndə ki, bizim kimi xeyli komanda oynamağa gəlir, düşündüm ki, bunu çempionat formasına necə salmaq olar? Klub yaratmaq ideyasının mümkün olmadığına əmin olandan sonra futbolda daha səmərəli bir istiqamət tapmaq ətafında düşünmüşdüm. Mənim illərlə düşüncələrimdə gəzdirdiyim bir ideya var idi: çempionat təşkil etmək, daha sonra istedadları ortaya çıxarıb skautluğunu özümüz etməklə böyük klublara satmaq. Düşünürdüm ki, həm pul qazanarıq, həm də istedadlara yol açarıq.
Fikirləşirdim ki, bu şəkildə maliyyə mənbəyi tapsaq, sponsorun, şirkətlərin puluna ehtiyacımız qalmayacaq. Əksinə, şirkətlərin bizə marağı artacaq. Azarkeşlər çoxalanda, kütlə olan yerdə reklam özü gələcək.
Beləliklə, bütün futbolsevərlərə müraciət etdim ki, gəlin, bir ortaya gələk. Razılaşdıq və 2019-cu ilin yanvar ayında bu qurumu yaratdıq. Hazırlıq dönəmindən sonra oyunlara start verildi.
AƏMFL yaranandan sonra, 10-a yaxın komanda yarışda iştirak etmək istədi. Onlardan komandalarına rəhbərlik edənləri yığıb təşkilat komitəsini formalaşdırdıq və bu komitə qısa zamanda idarəetmələrə bölündü. Bunlar hamısı yarışın yüksək səviyyədə, mümkün qədər problemsiz təşkili üçün atılan addımlar idi.
İndi məsələ burasındaydı ki, bu yarışı keçirdirik, amma maliyyəsi yoxdu. Yaxşı, mən bu ideyanı fikirləşəndə, həmişə ürəyimdə yaşatdığım bu idi ki, maliyyə özü gələcək. Yaxşı, bəs hanı? Düşündüm ki, komandalar onsuz da hər dəfə (yoldaşlıq görüşlərində) oynayanda meydançaya görə pul ödəyirdilər. Qardaş, zəhmət çəksinlər, yenə də ödəsinlər. Mənsə onların ümumi yarış təşkilatçısı oluram. Onlar tez-tez, fərdi şəkildə bir-birləri ilə oynayırlar, amma rəsmi, çempionat şəklində yox. Rəsmisini mən yaratdım. Beləliklə, meydança xərcinin problemini həll etdik.
Biz təşkilat komitəsi şəklində, yarışın düzgün təşkili, komandaların tərkibi, onların sağlamlğı haqqında məlumatları, bütün sənədləşdirmə işlərini, komanda sayı, heyətlərin dəqiqləşdirilməsini, yəni təşkilati baxımdan bütün işləri gördük. Eyni zamanda da, başladım rayonda təbliğat aparmağa. Təbliğat nə idi? Hər bir insana, birinci növbədə Qubada yaşayıb pul qazanan, biznes uğuru olan insanlarla bir daha qubalı olduğunu, ümumiyyətlə, vətənpərvər olmağı, öz rayonumuza, öz övladlarımız üçün bunu etməyin vacibliyi təbliğatını aparmağa başladım. Bu işdə onlara maraqlı olan tərəfdən yanaşdım. Meydançanın kənarlarına sponsorların reklam lövhələrini vurmaq fikrimiz var idi. Amma yarışı qəbul edən idman qurğusu bununla razılaşmadı. Biz həftəlik broşuralar buraxmaq qərarına gəldik və orda həmin sponsorların reklam loqolarını yerləşdirdik. Beləliklə, sahibkarlar da görürdü ki, onların etdiyi hardasa itmir. Ən önəmli cəhət AƏMFL-in təməlinin şəffaf olması idi. Biz hər bir sponsora, maliyyə dəstəyi verən hər bir şəxsə bizə ayırdıqları maliyyənin hara xərclənməsi barədə həftəlik hesabat verirdik. Əldə etdiyimiz maliyyə vasitəsi ilə broşüraların çapını, hakimlərin qonorarının ödənlməsini və başqa xərcləri təmin edirdik.
Bu bir pilot layihə idi. Düşünürdüm ki, hər şey o qədər düzgün hesablanmalıdı ki, sabah bu uğurun davamı gəlsin. Ümumiyyətlə, şəffaflıq və işə sevgi olan yerdə davamlılıq mütləqdi. Deməli, biz nəyi təmin etdik? Birinci növbədə sona qədər maliyyə şəffaflığını, ikinci növbədə yarışların şəffaflığını. Üçüncü növbədə isə işimizə peşəkarcasına yanaşdıq. Hər bir çətin anda ruhdan düşməyərək bu yarışın sona çatdırılmasına nail olduq. Bu böyük bir zəhmətin, günlərlə keçirilən iclasların, komandaların içində apardığımız təbliğat-təşviqat işlərinin nəticəsi idi.
Biz oynayan komandalara deyirdik ki, gəlin sağlam idman ruhundan geri qalmayaq. Məğlublar qalibləri təbrik etsin və onlar uduzmaqlarının səbəblərini, səhvlərini özlərində axtarıb qalib olsunlar ki, sabah onları da məğlub olanlar təbrik etsin. Bir fərd səhvi özündə axtaranda necə qalib olur? Yəni məğlub olan düşünməlidi ki, biz oyunda təşkilatçılığa görə, hakimliyə görə yox, öz səhvlərimiz nəticəsində uduzduq. Deməli, biz cığallıq edib oyunu dağıtmaq yox, qalibi təbrik edərək, öz səhvlərimiz üzərində işləyib inkişafa doğru getməyə çalışmalıyıq. Bax bu cür çalışmaq qələbəyə aparan yoldu.
Bütün bunlar həm də AƏMFL-in təməlidi. Biz, bu yarışın iştirakçıları, hamılıqla, birlikdə deməyə, həm də bunu işimizlə göstərməyə çalışdıq ki, bir işi başlayandan sona qədər ədalətli aparıb nümunə olmalıyıq. Onda nəticə mütləq olacaq. Nəticə deyəndə, rayonda futbolun təməlinin ölməməsinə şərait yaratmaq, futbolu hər zaman, ürəklərimizdə olduğu kimi, əməllərimizdə də davam etdirməyi nəzərdə tuturam. AƏMFL-in yaranma səbəblərindən başlıcası köklü futbol ənənələrimizi itirməməyə çalışmaq, bu ənənələri hər zaman ayaqda saxlayıb istedadlı gənclər üçün bir qapı açmaqdı. Çünki bu yarışı keçirəndə, biz başa düşdük ki, futbol birinci növbədə sevgidən başlayır.
Bir tərəfdən də baxanda, bizim təşkilatımız da pilotdu, hakimlərimiz də həvəskar idi, ümumiyyətlə, bu işin özü həvəskar təməldə qurulmuşdu. Bizim ən böyük uğurumuz yarışın yekununa gəlib çıxmağımız oldu. Yekunu da rayon rəhbərliyinin, xüsusən, adını minnətdarlıq ifadə edərək çəkmək istədiyim Quba rayon İcra Hakimiyyətinin başçısı, cənab Ziyəddin Əliyevin dəstəyi ilə, çox böyük möhtəşəmliklə başa vurduq. Deməli, bununla göstərdik ki, biz, birlikdə güclüyük. Götürdüyümüz, bu gün dövlət başçımızın hamımıza örnək göstərdiyi yolu biz də vaxtilə öz rayonumuzun futbolunda göstərmişik. “Biz birlikdə güclüyük” bizim yarışın sloqanı idi.
Bu yarışın nəticələrindən biri, AƏMFL-in çempionu “Premyer” komandasının futzal üzrə Azərbaycan çempionatının güclülər dəstəsində çıxış etməsi oldu. Debütant olmasına baxmayaraq, normal da nəticə göstərdi”.
Turnir niyə Heydər Əliyevin xatirəsinə keçirildi?
“Hər insan bir addım qabağa getmək istəyəndə, nəyi isə yaratmaq istəyəndə, o, birinci növbədə kimdənsə örnək götürmək istəyir. Fərqi yoxdu, hansı sahə olur olsun, istər siyasət sahəsindən olsun, istərsə də idman sahəsindən, mütləq bir ideal olmalıdı. Heydər Əliyev, həqiqətən səmimi deyirəm, çox güclü siyasətçi olmaqla bərabər, çox güclü təşkilatçı olub. Mən onun adını bu yarışa qoymaqla, bir daha, o kişinin təşkilatçılığı ilə müqayisədə, kiçik də olsa, bir işlə göstərmək istədim ki, baxın, görün biz bir liqanı yaratmaqla nə qədər təşkilati çətinliklər yaşayırıq, onunla üz-üzə qalırıq, amma Heydər Əliyev bu boyda ölkənin dağılmasının qarşısını aldı. Bu gün Azərbaycanın sabit bir dövlətə çevrilməsində onun böyük zəhmətləri olub. Biz bir çox şeylərdə, birinci növbədə bir təşkilatçı kimi ona borcluyuq. Bəli, müxtəlif fikirlər, suallar var, mənim özümdə də var. Hər insanın fərqli baxışı olur. Hətta siyasi baxışı da fərqli ola bilər. Mənsub olduğu partiya da fərqli ola bilər. Amma həqiqəti həqiqət kimi qəbul etmək lazımdı, həqiqəti danmaq lazım deyil. Həqiqət isə onu göstərir ki, Heydər Əliyev bir siyasətçi və eyni zamanda bir təşkilatçı kimi dövləti, bugünkü vəziyyətə görə, bu zəmanəmizin reallığına görə qurdu və ayaqda saxladı. Çünki heç də sirr deyil ki, kiçik dövlət olduğuna görə respublikamızın böyük düşmənləri var. Düşmən deyəndə, yəni gözü götürməyənləri var və bu respublikanı məhv etmək istəyənlər var. Görün, insanda nə qədər güclü təşkilatçılıq qabiliyyəti olmalıdı ki, sən bir respublikanı qoruyub saxlaya biləsən, inkişaf etdirə biləsən və onların qabağında duruş gətirə biləsən. Bir təşkilatçı kimi mən Heydər Əliyevi örnək götürüb, öz hökumətimiz, öz xalqımız, öz dövlətimiz, öz gələcəyimiz naminə AƏMFL-i yaratdım. Və bu yaratdığımız yolda ən gözəl nümunə ulu öndər Heydər Əliyev idi. Keçirdiyim yarışın layiq olduğuna inanıb, bu işə mən Heydər Əliyevin adını verdim və hamılıqla, rayon birliyində rəhbərlərin köməyi ilə, ictimaiyyətin dəstəyi ilə layiq olduğunu həqiqətən də sübut etdik. İdmançıların dəstəyi ilə biz birliklə Heydər Əliyevi doğrudan da, səmimi şəkildə xatırladıq. Süni şəkildə, ad xatirinə yox, biz ürəkdən yaratdıq və ürəkdən də onun xatirəsini yad etdik. Allah rəhmət eləsin”.
AƏMFL-in məqsədi
“Sizə onu da deyim ki, bugünkü AƏMFL mən düşündüyüm, yaratmaq istədiyim liqanın əsli deyil. AƏMFL-i mən 5×5-ə oynanılan, mini meydança, futzal qaydaları ilə yox, özünün öz qayda qanunu ilə, 7×7-ə oynanılacaq, 60×40 ölşüsündə olan futbol meydançasında keçirmək istəyirdim. Belə standart dünyada var, amma konkret olaraq bu cür layihə yoxdu. Nümunələr var, bu ölçüdə hansısa meydança var, hansısa müəyyən bir yarışlar var. Böyük şəhərlərdə bəzən populyar, keçmiş futbolçulardan ibarət bir şoular yaradırlar, yəni belə şeylər… Amma bizim kimi, strategiya qurub-yaratmaq istəyən yoxdu. AƏMFL-in bugünkü pilot variantı şəraitsizlikdən, imkansızlıqdan yaranan bir yarış olub.
Bir iş görmədən kiməsə ideyana kömək etməsi üçün müraciət edəndə, buna çox da isti yanaşmır, ciddi qəbul etmirlər. Amma hansısa bir iş görüb, nümayiş etdirsən və bununla mesaj versən ki, daha yaxşısını edə bilərik, onda ciddi, iş görən bir insan görüntüsü yarada bilirsən. Belədə, bəlkə növbəti işlərində kimsə sənə dəstək ola bilər.
Gələcəkdə biz istəyərdik ki, AƏMFL-in özünə, strategiyasına uyğun bir meydançası olsun. Çünki belə olanda daha da əyləncəli olacaq. Əyləncə olanda, əylənmək istəyən insanların sayı da çoxalır və onlar oyunun gözəlliyindən – top saxlanmasından, paslaşmasından, rəngarəng qolların vurulmasından zövq alırlar. Ortaya bir-birindən gözəl, əyləncəli oyunlar çıxır. Sonuc etibarı ilə AƏMFL-in məqsədi, məramı ondan ibarətdi ki, adında özünü əks etdirən kimi yarış keçirsin.
Biz bunu tətbiq edə bilsək, bunun uğurlu nəticələrini əldə etsək, futbola olan təməl maraqları, sevgini artıracağıq. Baxın, bugünkü ailələrimizdə, cəmiyyətimizdə olan böyük problemlərin əsas səbəbi nədir? Hər kəs, hər bir vətəndaş, hər bir valideyn birinci növbədə düşünür ki, övladım təhsil alsın. Düşünmür ki, bu uşağın beynində təhsil gücü, yəni qavrama gücü var, ya yoxdu. Müəllim tutur ki, övladı məktəbi yaxşı oxuyub instituta girsin, sonra da həkim olsun, prokuror olsun, vəzifə sahibi olsun. Amma deyən yoxdu ki, övladım bu cəmiyyətdə öz bildiyi işlə məşğul olsun. Başa düşürsüzmü? Ona görə də, bu gün aramızda olan istedadların müəyyən hissəsi öz istedadlarını anlamaması, onların düzgün yönəldilməməsi, digər tərəfdən, valideyn basqısı altında olması səbəbindən istədikləri sahəni seçmirlər. Onlar istedadlarını hiss edirlər, amma valideynləri tərəfindən düzgün yönəldilməməsinin qurbanı olurlar. Bizim yaratdığımız bu təşkilatın, bu qurumun məqsədlərindən biri budur ki, onlar valideyn himayəsi olmadan özlərini tapsın. Yəni istəyirik ki, öz istedadını başa düşməyən uşaq, meydançaya girəndən sonra tamaşaçı sevgisi qabağında nə qədər güclü olduğunu dərk etsin. Onların hər oyundan oyuna püxtələşmələri, oyundan oyuna tamaşaçı sevgisini qazanması, bu futbolçuları bizim tapmağımıza şərait yaradacaq. Kimsə deyə bilməz ki, yer üzündə bu gün Portuqaliyadan Ronaldo çıxıbsa, təkcə Portuqaliyadan çıxacaq, başqa ölkədən çıxan deyil. Bu gün Messi Argentinadan çıxıbsa, başqa ölkədən Messi çıxa bilməz, yaxud da ondan istedadlı oyunçu ola bilməz. Boş söhbətdi və nağıldı. Bu gün biz bəlkə aramızda Messi qədər də, Ronalda qədər də, yaxud başqa ulduzlar qədər istedadlı gənclərimizi itirib-batırırıq”.
AFFA ilə əlaqələr
“Biz məqsəd olaraq futbolun inkişafına nail olmaq istəyirik. Deməli, əlbəttə ki, futbol federasiyası ilə əməkdaşlıq etmək, hətta AFFA-nın tərkibində, onların bir qanadı olmaq istəyərdik. Çünki biz də onların illərlə çalışdığı, irəli aparmaq istədiyi futbolun inkişafı istiqamətində çalışırıq. Sağlam düşünən, Azərbaycan futbolunu fikirləşən, onun inkişafına nail olmaq istəyən insan hər bir təklifi nəzərdən keçirə bilər. Əlbəttə ki, qurumun içində qurum yaratmaq kimin məqsədimiz yoxdu. Məqsədimiz təməl olaraq futbolun inkişafına dəstək verməyə xidmət edir. Hamımızın məqsədi bir nöqtədirsə, deməli, biz əlbir olmalıyıq. Sadəcə olaraq bizim AƏFML onların ümumi prinspial işində dayaq ola bilər. Ancaq bilirsiz, düzünü desəm, mən xam xəyala düşmürəm.Bu gün federasiya ilə əlaqə saxlamamağımızın səbəbi, bunun çətinliyi ilə bağlıdı. Rəsmiyyət ən yüksək səviyyədədi. Bu istiqamətdə, klubda işləyərkən çalışdığıma və yorulduğuma görə sadəcə bunu etmədim. Düşündüm ki, hər halda, məlumatlanmamış deyillər.Əslində məqsədimiz nümunəni göstərib nəticə əldə etmək idi. Nəticə də ondan ibarət idi ki, bu layihəni daha geniş, daha əhatəli davam etdirək. Düşünürdük ki, bunu görüb bizə dəstək olan tapılar. AƏMFL-in pilot layihəsi özünü doğrultdusa, özünü maliyyələşdirən bir qurum kimi nəticə verdisə, o zaman gəlin, durmadan, fikirləşmədən rayonlarımızın hamısına tətbiq edək. Axı bu gün müxtəlif şəhərimizdə, kəndlərimizdə, ümumiyyətlə, ölkəmizin hər bir yerində cavanlarımız futbol həvəsi ilə qaynayır. Bugünkü müasir dünyada keçmiş fikirlərlə futbolu inkişaf etdirmək olmaz. Deyirdik ki, hə, camaat o vaxt otsuz meydançada qaçırdı, keçmişdə top yerinə nə bilim, nə ilə oynayırdılar. Amma bu gün baxışlar başqadı, zaman başqadı. Bu gün insanları görürsüz, müasirliyə alışıb, onları o köhnə fikirlərlə cəlb etmək mümkün deyil. Biz gərək onların fikirləri ilə, dünyagörüşləri ilə ayaqlaşaraq şərait yaradaq ki, onların da marağı artsın.
Bizim planda, yarışı minimum, rayonumuzda yenidən keçirmək var idi. Hətta komandaların sayını da artırmaq istəyirdik. Düşünürdük ki, yerli rayon rəhbərliyi ilə, gənclər təşkilatı ilə razılaşdırıb bundan da böyük, bundan da yaxşı təşkilatlanmış, gözəl yarış keçirək. Bunu Heydər Əliyevin xatirəsinə həsr olunmuş, ümumiyyətlə, ənənəvi bir turnirə çevirmək istəyirdik. Və ümidlə yaşayacaqdıq ki, bu yarışın daha geniş miqyasda tətbiqi üçün kimsə gec-tez bizim qabağımızı açar. Amma yarışı keçirdiyimiz, rayon olimpiya idman kompleksinin təmirə bağlanması planlarımızı dəyişdi. Başqa səbəblər də var idi, amma əsas səbəb bu idi”.
Dəyər
“Hər bir işin qiyməti, dəyəri olmalıdı. Dəyərsiz iş olmur. Biz düşünürdük ki, bir təşkilatçı kimi bizim zəhmətimizə də rayonun nüfuzlu adamları tərəfindən dəyər verilər. Bu gün bir təşkilatçının varlığına qiymət, dəyər verə bilməsək, deməli, inkişafdan danışa bilmərik. Biz aramızdakı iş bacaran insanlara dəstək verməklə, ümumi məqsədlərimizə kömək etmiş oluruq. Onların milliyyətinə, dininə görə hörmət etməməliyik. Biz onları əqidəsini dəyişməyə məcbur etməməli, əyməməliyik. Biz onlara həqiqi, cəmiyyətin bir övladı kimi kömək etməliyik.
Bir ailədə övlad xırda bir rəsm çəkib valideyninə göstərərsə, valideyni də onun başına sığal çəkərsə, tərifləyərsə, o daha yaxşısını çəkməyə çalışacaq. İnsan onun zəhmətini dəyərləndirənləri görəndə güclü olur.
Bu gün mənim əlimdə maddi imkan və ya səlahiyyət olsaydı və yaşadığım ərazidə istedadlı bir gənc, bizim ümumi məqsədlərimizə xidmət edən iş yaratsaydı, mən heç şübhəsiz ona səlahiyyətlərim çərçivəsində dəstək verərdim. Məsələn, maliyyəm varsa, maliyyə ayırardım, qiymətləndirərdim, ona gördüyü işə görə təşəkkür edərdim”.
Perspektiv
“Mən bu işi bu gün üçün görmədim, sabah üçün elədim. Fikirləşdim ki, bu layihəni yaratmaqla mən və mənim kimilər bu yarışı necə halal, şəffaf təşkil etmişiksə, eləcə şəffaf, maaşlarımızla özümüzü təmin edib sevgi ilə yaşaya biləcəyik. Mən AƏMFL-in gələcəkdə hansı perspektivləri olduğunu, nə qədər gəlir əldə edə biləcəyini açıqlasam, əlbəttə, deyəcəksiz düzgün yoldasan.
Bu gün qız futboluna ehtiyac var. Ona görə yox ki, qızlarımız futbolçu olsun. Sadəcə olaraq bu gün evimizdə boğulan gələcəyin anaları dediyimiz övladlarımız üçün sağlam mühitə, sağlam bünövrəyə, sağlam düşüncəyə ehtiyac var. İnsan nə qədər idmana bağlı olursa, o qədər sağlam əqidəli olur. Biz qızlarımız üçün müxtəlif əyləncəli yarışlar təşkil edə bilərik. Futbol da ola bilər, ailəvi spartakiadalar ola bilər. Yalnız gənc ailələri buraxa bilərik, “gəlin qoşulun” deyə. Qoy onlara baxmaq istəyən ailələr də gəlsin. Burdan da gəlir əldə edə bilərik.
Məktəblər arasında, qızlar arasında futbol yarışları keçirdə bilərik. Biz yarışı maddiyata görə narahat olmadan, müxtəlif formada təşkil edə bilərik. Vəsait özü gələcək.
Məqsədimiz bir dənə nəsə yaradıb, “mən bunu yaratdım, mənə vəzifə verin” demək deyil. Mən istəmirəm ki, AƏMFL-i yaratmaqla gətirib mənə aid olmayan bir sahəni tapşırsınlar ki, gəl, sən ağıllı adamsan, bu işi gör. Yox. Mənim sevdiyim iş, bacara bildiyim iş budur. Qiymət ver, yol göstər. Sabah mən sevdiyim işlə özümü də təmin edim… Birinci növbədə cəmiyyətimə xeyir verim, rayonuma xidmət edim, gənclərimə, insanlarıma xidmət edim, sonra da işimə görə qazanım və mənim kimiləri də qazandırım. Yeni iş yerləri açım. Bilirsizmi, baxış fərqi hər insanda müxtəlifdi. İnsan var ki, birinci əlini işə atanda deyir ki, pul, pul, pul… O düzgün baxış deyil. Birinci gəlməlidi – iş, iş, iş… İşindən zövq al. Zövq alanda pul özü gəlir”.
Sevgi
“Futbolu, ümumiyyətlə, idmanın hər hansı sahəsini inkişaf etdirmək istəyiriksə, onun maraq dairəsini çoxaltmalıyıq. Düzdü, televizorda oyunlara – Messiyə, Ronaldoya, dünya ulduzlarına baxırıq. Uşaqlarımız, övladlarımız da baxır və bizim gəncliyimizdən onların gəncliyi daha çox məlumatlıdı. Amma nəticəyə baxanda görürük ki, futbolumuzun inkişafı üçün bizim o baxdığımız kifayət deyil. Niyə? Çünki hər şey sevgidən başlayır. Hər bir şey! Ata, ana sevgisindən tutmuş, peşə sevgisi, idman sevgisinə qədər. O cümlədən həyat sevgisi, ailə sevgisi, uşaq sevgisi. Bu gün biz birinci növbədə gənclər arasında futbol sevgisini yaratmalıyıq. Sevgi hər şey deməkdi və hər şeyə qadirdi. Sən insana sevgi ver, o insanı ucaldarsan, o insandan nəticə əldə edərsən. Həmin insan dəyərli insandırsa, sənin sevgin ona yetər. Pul ağıllı insan üçün sonrakı məsələdi. Pul sonrakı baxışdı, biz insanın bir cəmiyyətdə yaşamağı üçün, dolanmağı üçün, nəfəs almağı üçün vəsaitdi. Amma təəssüf olsun ki, bizdə cəmiyyətdə çürük ideologiya formalaşır, Pul öndə gedir. İctimai maraqlar, işin peşəkarlığı arxada qalır. Ortada məntiqsizlik var, sevgi yoxdu. Pula sevgi ola bilməz, pula yalnız sitayiş ola bilər.
Yəni demək istəyirəm ki, insanı öz bacardığı, öz sevdiyi işə qovuşduranda xoşbəxt etmək olar. Görürsən ki, eyni peşə sahibidi, onlardan yalnız bir nəfər yaxşı qazanır. Bilirsiz niyə? Çünki o bir nəfər işini sevir, işindən zövq alır. Deməli, bu insan öz yerində oturub. O birilərsə ona baxıb özlərinə iş yeri açıblar. Amma sevgiləri o dərəcədə deyil.
Mən bu gün taksi sürürəm, daha dəqiqi, servis kimi çalışıram və peşman da deyiləm. Niyə? Çünki mənim apardığım, gətirdiyim müştərilər çox razıdırlar. Sürməyimdən, münasibətimdən, hörmətimdən… Mən ailə uşaqlarını məktəblərə aparıb gətirəndə sevgi ilə aparıb, sevgi ilə gətirirəm. Onlar razıdırlar. Məni işdən qovan yoxdu. Mən xoşum gəlməyən insandan ayrılıram. Bu gün Qubada minlərlə taksi var, hərəsi bir tində dayanır, amma mən heç yerdə dayanmıram. Yalnız evimin qabağında dayanıram. Taksi işarəm də yoxdu. Məni istəyən özü tapır. Niyə? Çünki işə məsuliyyətlə yanaşıram. Dəqiqəyə dəqiqə, vaxta vaxt, Hörmətə hörmət, izzətə izzət. Bax, budur prinsipiallıq, işinə sevgi…”.
Futbolumuz
“Azərbaycan futbolunun bugünkü inkişaf tempi yəqin ki, tək məni yox, futbolla maraqlanan bir çox adamı razı salmaz. Söhbət təkcə nəticədən getmir. Futbol o vaxt olur ki, tamaşaçısı olur. İş o vaxt olur ki, bayaq dediyim kimi, sevgi olur – futbola sevgi, işə sevgi, həyata sevgi. Bu gün futbolumuzun inkişafı üçün lazım olan əsas şey sevgidi.
Azərbaycan futbolunun inkişafı üçün puldan qabaq, bir oyunçuya tamaşaçı sevgisini yaratmaq lazımdı. Bu gün hər bir komandanın tribunası tamaşaçı ilə dolu olmalıdı. Əsas səbəb budu. Qalan şeylər texniki məsələlərdi.
Futbolun inkişafı üçün stadionmu tikilməyib, pulmu xərclənməyib? Bu gün birinci növbədə, mən sevgi deyəndə, bilirsən nəyi nəzərdə tuturam, sevginin mənasında bilirsiz nə durur? Yəni futbolu bu idman növünü sevənlər üçün yaratmaq lazımdı. Sevən Qubadı, sevən Qusardı, sevən Şəmkirdi, sevən Masallıdı, sevən Lənkərandı, sevən Sumqayıtdı, sevən Gəncədi, sevən Sabirabaddı, sevən Salyandı, Ağdamdı… Baxın, saydığım şəhərlərdən Ağdamla Sumqayıtın Premyer Liqada komandası var. Görürsüz hər ikisinin tamaşaçısı da var.
Bu gün şimalın derbisi lazımdı, Quba – Qusar. Cənubda Masallı – Lənkəran, aranda Salyan – Sabirabad mücadiləsi olub, götürək qərbdə Gəncə – Şəmkir, yaxud da Qarabağ zonasında Bərdə – Ağdam. Bax, belə xırda ocaqlar yaradırsan və sonra da bütün ölkəni əhatə edirsən. Bax, təməl, sevgi budur. Mən istəyirəm ki, Azərbaycan futbolu olsun. Deməli, futbol üçün nə lazımdı? Sevgi ilə, eşqlə oturub fikirləşirsən, görüm neynəyə bilərəm ki, hər şey əla alınsın? Sənin bu sevgin avtomatik keçəcək oyuncuna, tamaşaçına, xalqına, camaatına, hamı da sevinəcək. Sabah sahibkarların da marağı, baxışı fərqli olacaq.
Bu gün futbolun inkişafı üçün işin sevgi ilə görülməsi, vəsaitin uyğun xərclənməsi lazımdı. Düşünürəm ki, yüksəliş üçün bu iki səbəb kifayət edir”.
Gördüklərim
“Mən 1990-cı illərin sonu Türkiyədə yaşamışam. İstanbulda, “Qalatasaray” stadionunun yaxınlığında qalırdım. Orada “Qalatasaray”ın keçmiş futbolçusu Aydın Güleşlə təsadüfən tanış olmuşdum. Vaxtı ilə Fatih Terimlə birlikdə oynayıb. Azərbaycanlı olduğuma görə mənə diqqət ayırdı və onunla dostlaşdıq. Bu insan mənim müasir futbola gözümü açdı. Necə? “Qalatasaray”ın oyunlarına onun üyelik, yəni üzvlük kartı var idi. Derbi oyunları olmayanda, sıradan oyun olanda deyirdi ki, Elnur, al kartı, get oyuna bax. Gedirdim oyuna, o möhtəşəmliyi ki, mən görürdüm stadionda… VİP-də otururdum, bura yalnız VİP insanlar üçün nəzərdə tutulur. Baxırdım, yanımda tanınmış müğənni, tanınmış aktyor oturub. Bunlar üyelər idi, “Qalatasaray”ın fəxr etdiyi adamlar. Oturduğum yerdə bir də görürdüm tribuna qışqırdı, baxırdım yanımdakılar da qalxdı. A kişi, orda insanlar əylənirlər, stadiona bir saat qabaq gəlirlər və başlayırlar çalıb-oxumağa, oynamağa, əylənməyə, nə bilim, daha nələr. Mən bu gördüklərimdən şoka düşürdüm. Sən demə, futbol əslində əyləncədi, futbol sevgidi, futbol gözəllikdi”.
Yaşadıqlarım
“Bir gün atam zəng vurub dedi ki, bala, dur gəl bura. Sənə orda çörək olmayacaq (həmin vaxt Türkiyədə zəlzələ də olmuşdu, ölkədə böhran var idi). Dedi, Qubada “Şahdağ”ı bərpa ediblər. Nə isə, gəldim və komandaya daxil oldum. Əsas heyətə düşə bilmirdim. Amma komandanın içindən əl çəkmirdim, məşqlərdə olurdum.
Mən sadəcə olaraq Türkiyədə gördüyümlə burda yaşadığımı müqayisə etməyə başladım və çox böyük bir fərqin olduğunu gördüm. Mən düşündüm və qət etdim ki, bizə müasirlik, yenilik gəlməlidi.
Komandada olarkən, o boşluqları görəndə ətrafıma baxdım, amma məni anlayacaq adam görmədim. Burda, komandanın başına gələn adam, tək olmaq istəyirdi. Məşqçi həm komandanın rəhbəri olmaq istəyir, həm komandanın satış meneceri olmaq istəyir, həm komandanın sürücüsü olmaq istəyir, təki pul gəlsin. Başa düşürsüz necə? Məqsəd komandanı uğura aparmaq deyil, məqsəd, fərqlidi – qazanım. Ona görə də, rusun nağılındakı kimi, balıq, ördək, xərcəng hərəsi bir tərəfə dartırdı. Ortada isə heç nə yox idi. Nə müasirlik var idi, nə təməl var idi, nə düzgünlük var idi. Futbol klubu deyəndə bilirsiz nə başa düşürdülər? 22 nəfərin meydançaya çıxıb futbol oynamasını. Və buna peşəkar futbol klubu deyirdilər”.
Fəaliyyətim
“Bəli, bir qubalı kimi, klubun necə olduğunu görüb gələn, bütün bunlardan nəticə çıxarda biləcək bir insan kimi, fərqli bir şey etmək istədim. Günlərin bir günü özüm kimi düşüncə sahibləri olan gəncləri yığdım başıma, fikirlərimi, düşüncələrimi danışdım və soruşdum ki, razısızmı bu fikirlərlə? Dedilər ki, əlbəttə, yaxşı fikirdi. Biz Qubanın 10 illik futbol strategiyasını hazırladıq və təməlinin qoyulmasına çalışdıq.
Biz inkişaf düzənini, obrazlı desək, alma bağlarımızdakı kimi görürdük. Bağın köhnə, xarab olmuş ağaclarını çıxardıb təmizləyərək yeni, öz təbiətimizə uyğun qələmlər əkməklə gübrəsini, suyunu, dərmanını vaxtlı-vaxtında verib qulluğunda dururuq. 10 ildən sonra bəhrə qaçılmazdı. Biz bu strategiyanı götürdük.
Mən Türkiyədə gördüklərimə əsasən bu nəticəyə gəlmişdim ki, klubun gerbi, bayrağı, əsasnaməsi, nizamnaməsi olmalıdı, düzgün strategiyası, düzgün kadr siyasəti qurulmalıdı. Klubun inzibati işçiləri hər biri öz yerində olmalıdı. Klubun rəhbəri olmalıdı, icraçı direktoru, mətbuat katibliyi, məşqçilər şurası olmalıdı. Klubun baş məşqçisi olmalıdı, inzibatçısı, həkimi olmalıdı. Hamısı da sağlam düşüncəli olmalıdı və məqsəd olmalıdı. Bizim məqsədimiz həmin o obrazlı ifadə etdiyim alma bağlarına qələmləri əkmək idi. Yəni futbolçu yetişdirmək. Ona görə də, biz məktəblərdən üç yaş kateqoriyası üzrə uşaq yığdıq. Bu bizim ilkin, start variantımız, məqsədimiz idi. Düşünürdük ki, hələlik bu üç yaş qrupunu saxlayaq, onu inkişaf etdirək və üç-beş ildən sonra birinci dəstəyə çıxarda biləcək qədər bir potensial hazırlayaq. Bundan sonrakı məqsəd özümüzün kiçik akademiyamızı açmaq idi. Hər il komandamızın “qazan”ına bir istedadlı futbolçunun düşməyini yetərli sayacaqdıq. Yavaş-yavaş onları püxtələşdirib qəhrəmanlar yaratmaq istəyirdik. Onların hər biri, bir futbolçu kimi, mənəvi dəyərlərə sadiq, eyni zamanda təhsilli və vətənpərvər olmalı, gördüyü işə, peşəsinə sevgi ilə yanaşmalı idi. İdmançıya siqaret, içki yaraşmaz. İdmançının sağlam ruhu olmalıdı. İdmançı, idmanını pula satmalı deyil. Bax, oyunu qumara qoymaq da düzgün olmayan, qeyri-sağlam bünövrədən qaynaqlanır.
Bu sadaladıqlarımız bizim planlara daxil idi. Amma bütün bu planları həyata keçirmək üçün maddi vəsait lazım idi. İdeya var, pul yoxdu, nə edək? Birtəhər yolpulu tapıb, Quba yəhuduləri ilə görüşmək məqsədiylə Moskvaya getdim. Çox çətinliklə görüşə bildim və uzun-uzadı danışıqlardan sonra sponsorluq üçün razı sala bildim. Mənə dedilər ki, get, hər şey yaxşı olacaq. Düzdü, bizi bir az gözlətdilər, amma sonra müəyyən miqdarda vəsait ayırdılar. Ancaq bu vəsait planlarımızı həyata keçirmək üçün kifayət etmirdi. Bu cür vəziyyət bizi qane edə bilməzdi. Ayrılan vəsait çox şeyə çatmırdı, ona görə də, bir müddət sonra onlardan imtina etdim. Çünki sabah sponsor kimi məndən nəticə tələb etsəydilər, onlara bir şey verə bilməyəcəkdim. Bunun sonunun uçurum olduğunu düşünüb işi saxladım. Dedim ki, mən bu pulu sizdən istəmirəm, çox sağ olun, işi kifayət qədər nümunəvi yaratmışıq, sponsoru Azərbaycanda axtaracam, tapsam, davam etdirəcəm, tapmasam, yox. Bir müddət axtarışdan sonra nəticə hasil olmayacağını görüb, klubun fəaliyyətini dayandırdım”.
Nəticə
“Bundan sonra çətin günlərim başladı. Deyə bilərəm ki, həyatım puça dönmüşdü. Çünki Türkiyədən gəlib həyatımı buna həsr etmişdim. Mən məqsədli gəlmişdim, amma məqsədimə çata bilmədim. Şəxsi planda da çətinliklərim boğaza qədər idi. İş yox, güc yox. Harda işləyim, hansı işlə məşğul olum? Mən – dünən klub təsisçisi olan adam, bu gün necə gedib hamballıq edə bilərdim? Ana xəstə, qardaş xəstə, təzə ailə qurmuşam, evə çörək ala bilmirəm. Mən nə edim? Bərbad bir vəziyyətdə yaşayırdım.
Saf düşüncəli, saf məqsədli insanlar çox azdı, xüsusilə, futbol ictimaiyyətində. Hətta baxırsan ki, işi yaxşıdı, amma saf deyil. Görürsən ki, təhlili, qabiliyyəti, bacarığı güclüdü, amma vicdanı yoxdu. Mənim klubdan sonra, ağır, çörək axtardığım, ac-acına, susuz gəzdiyim günlərim çox olub. Ölümə bərabər həyat yaşamışam. Ağır günlər keçirmişəm. Çox zülmlü, zillətli həyat yaşamışam. Qubada elə atmosfer yaratmışdılar, danışırdılar ki, guya mən bu insanların pulunu yeyib, talamışam. Halbuki mühasibatlığımız olub, gələn pulların hara xərclənməsi barədə orada bütün məlumatlar var və hər şey şəffafdı. İllər keçəndən sonra nizamımı, intizamımı qura bildim. Bundan sonra fürsət tapıb saf, şəffaf şəkildə tədbir, futbol çempionatı keçirdim və göstərdim ki, biz dürüst və məqsədli insanlarıq!
Mən bu barədə, yəni işimin alınmaması barədə çox fikirləşmişəm, aylarla, illərlə. Gecələr yuxusuz qalmışam. Bu günədək də düşüncələrimdən əl çəkə bilmirəm. Axı uğursuzluq nədə oldu? Niyə, nə üçün belə alındı? Pul yox idi, bəlkə, bu işin biznesini qurardıq? Bəlkə, biznesini qura bilməmişəm? Bəlkə, bu sahə mənə görə deyil? Həmişə bu barədə düşünmüşəm, təhlil etmişəm. Sonra oxudum, öyrəndim, bir daha hər bir şeyi analiz etdim.
Bütün bunlardan sonra, hətta futbol klubunu itirəndən, o əzabla qalxdığım, sonra da çırpıldığım illləri, günləri oturub fikirləşəndən sonra da belə qərara gəldim ki, bu yolda dönmək yoxdu. Zatən mənim təbiətim də belədi.
Yekunda bir nəticəyə gəlmişəm – futbol. Bunu mən futbol klubunda edə bilmədim. Təbii ki, maliyyə ilə təmin olunardısa, belə klubu idarə etmək mənim üçün asandı. Amma həm maliyyə tapmaq, həm də idarəçiliklə məşğul olmağ mənim gəldiyim nəticəyə görə klubda imkansızdı. Ancaq Açıq Əyləncəli Məhəllə Futbol Liqası vasitəsi ilə bunu etmək mümkündü. Artıq keçirdiyimiz yarış sübut edir ki, qurduğumuz bu sistem özünü maliyyələşdirə bilir. Bu səbəbdən, futbol sevgimi bu istiqamətdə davam etdirmək niyyətindəyəm”.
Söhbətləşdi və hazırladı Vüqar Məmmədov
Bizi Facebook-da izləyin