Lüt komanda
Rəşad Ergün
Azərbaycanlılar toya, şənliyə bəzənib-düzənib getməyi çox sevir. Kostyumu, qalstuku, donu, ayaqqabısı olmayan xəcalət çəkə-çəkə, tər tökə-tökə qonşudan, qohum-əqrabadan da olsa, götürür, geyinir, gedir toya, şənliyə. Biz də belə millətik dəəə. İcarəyə, borca da olsa, taparıq, təki, camaatın arasında əyin-başımızla seçilək.
Gələn ay ölkədə futbol şənliyi – Azərbaycan Premyer Liqası (adda gözəlliyə bax!) start götürür. Tovuz elinin “Turan Tovuz” adlı komandası bu şənliyə lüt gedir. Lüm-lüt!
Forması olmayan komanda lüt sayılmazmı?
Premyer Liqa oyunlarını keçirməyə stadionu hazır olmayan komanda lüt deyilmi?
Avtobusu olmayan komanda çılpaq sayılmamalıdırmı?
Və ən nəhayət, rəsmi saytı olmayan bir komandaya hansı ağılla, hansı məntiqlə “klub” demək olar? Ordan-burdan, yarıpeşəkar, yarıhəvəskar beş-on futbolçu yığmaqla klub olunmaz, əfəndilər.
AFFA rəhbərliyi, xüsusən də, Azərbaycan futbolunun leşini didib-parçalayaraq, ən iri tikələrini udaraq özünə gün ağlayan, FİFA-dan vəzifə qoparan Elxan Məmmədov illərlə başımızın ətini yedi ki, “hansısa komandanı Premyer Liqaya buraxmaq üçün onun UEFA-nın lisenziya tələblərinə cavab verməsi şərtdir”.
Premyer Liqa oyunları keçirməyə stadionu, forması, topu, avtobusu, saytı olmayan “Turan Tovuz” UEFA-nın lisenziya tələblərinə cavab verirmi? Bu lüm-lüt komanda hansı şərtlərə cavab verib ki, onu Premyer Liqaya buraxıblar?
Nəəə? Ucadan deyin, eşidilmir!.. Ay sizi, saxtakarlar!
Nə isə… Yığışın, “Turan Tovuz”a əyin-baş alın, Azərbaycanın futbol şənliyinə – Premeyr Liqaya lüt getməsin, ayıbdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin