Luis Suares Fransa klubunda

Fransanın “Olimpik” (Marsel) klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi ispaniyalı qapıçı Ruben Blankonu, fransalı sağ cinah müdafiəçisi Jonatan Klaussu və kolumbiyalı hücumçu Luis Suaresi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ruben Blanko qarşıdakı mövsümün sonuna qədər İspaniyanın “Selta” klubundan icarəyə götürülüb. “Selta”nın öz yetirməsi olan ispan qolkiper karyerası ərzində yalnız bu komandanın uğurları üçün çalışıb. O, bu klubun əsas komandasında 128 matça çıxıb. Qapıçı vaxtilə İspaniyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.

Marsel “Olimpik”i Luis Suaresi də İspaniyanın digər klubu “Qranada”dan transfer edib. Fransa klubu bu keçidə görə ispanlara 10 milyon avro ödəyib. Kolumbiya yığmasının üzvü ilə 5 illik müqavilə imzalanıb.

Luis Suares peşəkar karyerasına 2015-ci ildə “Leones”də başlayıb. 2016/17 mövsümündə isə “Qranada”da onu icarəyə götürüb və gənc futbolçu bu klubun B komandasında oynayıb. 2017-ci ildə isə Suaresi İngiltərə “Uotford”u transfer edib. Amma bu klubun əsas komandasında forma şansı qazanmayan Luis, “Valyadolid”, “Ximnastik” və “Saraqosa”ya icarəyə göndərilib. 2020-ci ildə isə “Qranada” onu yenidən heyətinə qatıb. O, son iki mövsümdə bu komandanın heyətində meydana çıxdığı 75 matçda 15 qol vurub. Mərkəz hücumçusu Kolumbiya yığmasında da 4 oyun keçirib.

Jonatan Klauss isə “Lans”dan transfer edilib. “Olimpik” bu keçidə görə qarşı tərəfə 7.5 milyon avro ödəyib. Fransa yığmasında da oynamış müdafiəçi, yeni klubu ilə 3 illik müqavilə bağlayıb. O, 2020-ci ildən formasını geyindiyi “Lans”da 74 oyuna çıxıb, 8 qol və 18 məhsuldar ötürmə müəllifi olub. Klauss “Lans”dan öncə 2 il də Almaniyanın “Arminiya” klubunun uğurları üçün çalışıb. 29 yaşlı futbolçu Fransa yığmasında 4 oyun keçirib.

Marsel klubu öz yarımmüdafiəçisi Nemanya Radonyiçi də İtaliyanın “Torino” klubuna icarəyə verib. Serbiyadan olan 26 yaşlı futbolçu 2022/23 mövsümünün sonuna qədər Turin klubunun uğurları üçün çalışacaq. O, 2018-ci ildən formasını geyindiyi “Olimpik”də 62 oyuna çıxıb, 8 qol vurub. Futbolçu son iki mövsümdə “Herta” və “Benfika”ya da icarəyə verilmişdi. Vinger daha öncə Serbiyada “Çukariçki” və “Srvena Zvezda”da oynayıb. Radonyiç Serbiya yığmasında keçirdiyi 35 oyunda 5 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button