Luçesku istefa verdi, karyerasını başa vurdu
Mirça Luçesku Kiyev “Dinamo”sunun baş məşqçisi vəzifəsindən istefa verdiyini açıqlayıb.
Komanda.az xəbər verir ki, 78 yaşlı mütəxəssis bu barədə Ukrayna çempionatının 13-cü turunda səfərdə “Şaxtyor”la 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib. O, məşqçi karyerasını da başa vurduğunu söyləyib:
“Bu gün oyun haqqında danışmaq istəmirəm. Demək istəyirəm ki, 15 ili Ukrayna futboluna həsr etmişəm. Burada karyeramı bitirmək qərarına gəldim. Bu son oyun idi. Futbolçularımla, “Şaxtyor”la vidalaşdım. Hamınıza təşəkkür edirəm. Mən bunu başqa cür bitirmək istərdim, amma hər şey sona çatır. Hər şeyin başlanğıcı və sonu var”.
Xatırladaq ki, Kiyev “Dinamo”su hazırda 10 oyundan 16 xal toplayaraq Ukrayna çempionatının turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.
Luçesku üçün “Dinamo” karyerasında ikinci Ukrayna klubu olub. O, 2020-ci ildən Kiyev təmsilçisini çalışdırıb. Mütəxəssis bundan əvvəl Ukrayna “Şaxtyor”unun baş məşqçisi vəzifəsində çalışıb, 2004-2016-cı illərdə kluba rəhbərlik edib. 78 yaşlı mütəxəssis Türkiyə millisi, “İnter”, “Zenit”, “Qalatasaray” və “Beşiktaş”ı da çalışdırıb. Mirça Çempionlar Liqasında qələbə sayına görə ilk 15 məşqçi arasındadır. Məşqçi kimi 35 kuboku var. Bu göstəriciyə görə ondan yalnız Ser Aleks Ferqyuson və Pep Qvardiola öndədir.
Bizi Facebook-da izləyin