“Los-Anceles olimpiadasında daha yaxşı çıxış etməyə çalışacağıq” – Millinin baş məşqçisi
“Los-Anceles olimpiadasındakı əsas məqsədimiz Parisdəki nəticədən daha yaxşı çıxış etməkdir”.
Komanda.az xəbər verir ki, bunu cüdo üzrə Azərbaycan millisinin baş məşqçisi Riçard Trautman federasiyanın mətbuat xidmətinə müsahibəsində deyib.
Alman mütəxəssis ötən ilin Azərbaycan cüdosu üçün uğurlu olduğunu bildirib. O, ölkəmizdə ilin məşqçisi seçilməsi ilə bağlı fikirlərini bölüşüb:
“Bakıda ilk dəfə belə bir tədbirdə iştirak etdim və bu, həqiqətən çox xoş idi. Daha əvvəl başqa ölkələrdə bənzər qala-gecələrinə qatılmışam, buna görə də burada mərasimin necə keçdiyini görmək mənim üçün xüsusilə maraqlı idi. Azərbaycan Cüdo Federasiyası böyük uğurlar qazandı və əməyimin də qiymətləndirilməsi mənim üçün böyük şərəfdir. Ötən ilin ən yaxşı idmançılarının da bizim cüdoçular – Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olması sevindiricidir. Bu gecə mənim üçün çox yaddaqalan oldu. Gənclər və İdman Nazirliyinə, təşkilatçılara və məni dəstəkləyən hər kəsə səmimi təşəkkürümü bildirirəm”.
Riçard Trautman qısa və uzunmüddətli planlardan söz açıb:
“Bizim möhtəşəm komandamız var və heyətimizdə iki olimpiya çempionu yer alır. Bundan əlavə, uğurun astanasında olan istedadlı və perspektivli idmançılarımız mövcuddur – onlara sadəcə bir neçə düzgün addım atmaq qalır. Əlbəttə ki, biz gənc nəslimizlə fəxr edirik – onlar böyük potensiala malikdirlər, inkişaf etməyə, mükəmməlləşməyə və yeni zirvələr fəth etməyə hazırdırlar. Əsas məqsədimiz, şübhəsiz ki, 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarında uğurlu çıxış etməkdir. Lakin bu yolda mühüm mərhələlərdən biri də 2026-cı ildə Bakıda baş tutacaq dünya çempionatıdır. Bu yarışdakı uğur bizə əsas hədəfə çatmaqda böyük kömək edə bilər. Dünya çempionatında və digər böyük turnirlərdə stabil nəticələr əldə etmək üçün əlimizdən gələni edəcəyik. Eyni zamanda unutmaq olmaz ki, uğur yalnız idman nəticələrindən ibarət deyil. Biz idmançılarımızın sağlamlığının qorunmasına və gücləndirilməsinə xüsusi diqqət yetiririk. Həmçinin gələcək qələbələrin təməlini təşkil edəcək yeni nəsil cüdoçuların hazırlanması bizim üçün olduqca vacibdir”.
Bizi Facebook-da izləyin