“Liverpul”un futbolçusu Türkiyə klubunda – RƏSMİ
Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi İngiltərə yığmasının və “Liverpul”un hücumçusu Daniel Starrici transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı forvardla 2+1 illik müqavilə imzalanıb.
Trabzon təmsilçisi Starriclə müqavilənin maliyyə detallarını da açıqlayıb. Belə ki, İngiltərə millisinin forvardı yeni komandasında ilinə 1,5 milyon avro qazanacaq. Müqavilənin müddətinin daha 1 il artırılacağı halda da, məbləğ dəyişməz olaraq qalacaq.
“Liverpul”dan ayrılan və azad agent statusu daşıyan futbolçu bu baxımdan da irəli düşüb. Belə ki, trabzonlular Starricə buna görə 2 milyon avro imza haqqı ödəyiblər.
“Mançester Siti”nin yetirməsi olan Starric, 2009-cu ilə qədər bu komandada çıxış etdikdən sonra “Çelsi”yə transfer olunub. London klubu 2011-ci ildə onu qısa müddətə “Bolton”a icarəyə verib. 2013-cü ildən isə Daniel “Liverpul”da çıxış edirdi. O, 2018-ci ildə “Vest Bromviç”də də icarədə oynayıb. İngiltərə millisində 26 oyuna çıxan forvard, 8 qol vurub.
Bizi Facebook-da izləyin