“Bu, tənqid deyil, həqiqəti deyirəm” – Klopp
“Liverpul”un baş məşqçisi Yurgen Klopp Premyer Liqanın 9-cu turunda “Mançester Yunayted”lə qarşılaşdıqları oyundan sonra açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis, 1:1 hesabıyla bitən görüşü şərh edərkən hakimlərdən narazı olduğunu bildirib:
“Məncə, bir çox insan Markus Reşfordun qolundan əvvəl cərimə pozuntusu olduğunu düşünür. Mən də bunun cərimə olduğuna inanıram. Ancaq baş hakim Martin Atkinson oyunu davam etdirdi. VAR olmasaydı, Atkinson tərəddüd etmədən cərimə zərbəsi təyin edərdi. VAR sistemi ofsayd və əllə oynanılan epizodlar üçün yaxşı işləyir, belə cərimələr üçün yox.
“Mançester Siti”nin bu həftə “Kristal Pelas”la oynadığı oyunda Kevin de Bruyneyə qarşı cərimə pozuntusu oldu, ancaq VAR-dan istifadə edilmədi. Bir də penaltiləri verilmədi. Bunlar ciddi məsələlərdir.
“Mançester Yunayted” üç ildir ki, “Old Trafford”da bizə qarşı müdafiə olunur. Bu, tənqid deyil, həqiqəti deyirəm”.
Bizi Facebook-da izləyin