“Liverpul”dan ayrılan qapıçı Premyer Liqada qaldı
Bu yay İngiltərənin “Liverpul” klubundan azad agent kimi ayrılan Loris Kariusun yeni iş yeri müəyyənləşib.
Komanda.az xəbər verir ki, almaniyalı qolkiper Premyer Liqanın digər təmsilçisi “Nyukasl”a keçib.
Bu barədə sözüedən klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti bu ilin 31 dekabrına kimidir. Lakin tərəflər sözləşməni mövsümün sonuna kimi uzatmaqla da bağlı ilkin razılıq əldə ediblər.
Loris Karius Almaniyanın “Maynts” klubunun yetirməsidir. O, “Liverpul”a 2016-cı ildə məhz bu klubdan transfer olunmuşdu. Amma alman qolkiper İngiltərə nəhəngində əsas heyət oyunçusuna çevrilə bilməyib. 2018-2020-ci illərdə Türkiyənin “Beşiktaş” klubunda icarədə oynamış Karius, 2020/21 mövsümündə də “Union Berlin”də icarədə olub. O, “Liverpul”da bütövlükdə 49 matça çıxıb.
“Nyukasl” yarımmüdafiəçisi Metti Lonqstaffı isə “Kolçester Yunayted”ə icarəyə verdiyini açıqlayıb. 22 yaşlı futbolçu bu mövsümün sonunadək sözügedən klubda forma geyinəcək. “Nyukasl”ın öz yetirməsi olan ingilis yarımmüdafiəçi, daha öncə “Aberdin” və “Mansfild Taun”da da icarədə olub.
“Nyukasl” argentinalı müdafiəçisi Federiko Fernandeslə də yollarını ayırıb. 33 yaşlı futbolçu azad agent kimi İspaniyanın “Elçe” klubuna keçib. O, La Liqa təmsilçisi ilə 1 illik müqavilə imzalayıb. 2018-ci ildən “Nyukasl”da çıxış edən mərkəz müdafiəçisi, Premyer Liqa klubunda 89 oyunda 2 qolla yadda qalıb. “Estudiantes”, “Napoli”, “Xetafe” və “Suonsi Siti” klublarının da formasını geyinmiş Fernandes, Argentina yığmasında 32 oyuna 3 qol vurub.
Yeri gəlmişkən, “Elçe” Argentinanın “San Lorenso” klubundan daha bir argentinalı futbolçu – Nikolas Fernandesi də transfer edib. La Liqa klubu bu transfer üçün 4 milyon avrosundan keçib. Sol cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. “San Lorenso”nun öz yetirməsi olan Nikolas, 2018-ci ildən bu klubun əsas komandasında çıxış edirdi. O, bu komandada 50 oyuna çıxıb, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
“Elçe” İngiltərənin “Uotford” klubunun yarımmüdafiəçisi Kina Dominqesi də heyətinə qatıb. Portuqaliyadan olan 22 yaşlı futbolçu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. “Uotford”a “Vest Hem”dən keçən Qvineya Bisau əsilli yarımmüdafiəçi, daha öncə “Qranada”, “Fulhem” və “Barnsli”də də icarədə oynayıb. O, Portuqaliyanın aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinib.
Bizi Facebook-da izləyin