Liqa 1 klubunda iki yeni futbolçu
Fransanın “Nant” klubu heyətini yeni futbolçularla gücləndirib.
Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi azad agent statusu daşıyan fransız müdafiəçi Sebastyen Korşya və hücumçu Jan-Kevin Auqustini heyətinə cəlb edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Auqustinlə 2, Korşya ilə 3 illik müqavilə imzalanıb. Jan-Kevin yeni komandasında “20”, Sebastyen isə “24” nömrəli formanı geyinəcək.
2017-ci ildən “Sevilya”da olan, son mövsümü icarə əsasında “Espanyol”da keçirən Korşya, karyerası ərzində “Le Man”, “Soşo”, “Lill” və “Benfika”nın da uğurları üçün çalışıb. 29 yaşlı sağ cinah müdafiəçisi Fransa yığmasında da bir neçə oyun keçirib.
Auqustin isə PSJ-nin yetirməsidir. Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış 23 yaşlı hücumçu, 2017-ci ildən “Leyptsiq”də çıxış edirdi. O, geridə qalan mövsümdə “Monako” və “Lids”də icarədə də oynayıb.
Bizi Facebook-da izləyin