Liqa 1 klubunda bir yeni oyunçu, üç ayrılıq
“Monako” heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi PSJ-nin hücumçusu Romarik Etonde ilə müqavilə bağlayıb.
18 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. PSJ ilə müqaviləsi bu ayın sonunda bitən gənc forvarda görə təzminat ödənilməyəcək.
“Monako” “Bayern” və “Çelsi”dən icarəyə götürdüyü qapıçı Aleksandr Nübel və müdafiəçi Malanq Sarrla da yollarını ayırdığını açıqlayıb. Nübel 2021-ci, Sarr isə 2022-ci ilin yayında icarəyə götürülmüşdü.
“Monako”ya məxsus olan yarımmüdafiəçi Pele də klubdan ayrılıb. 31 yaşlı futbolçunun bu klubla müqaviləsinin müddəti bu ayın sonunda bitir. Liqa 1 təmsilçisi Portuqaliyadan olan, Qvineya Bisau yığmasının formasını geyinən oyunçu ilə yeni müqavilə bağlamaq istəməyib.
Bizi Facebook-da izləyin