“Dandalk”ın məşqçisi “Qarabağ” haqda: “Yəqin ki, onların qiymətləri bizim klubun büdcəsi ilə eyni olar”
İrlandiyanın “Dandalk” klubunun məşqçisi Ruaidri Hiqqins Avropa Liqasının pley-off mərhələsinin “Linfild” (Şimali İrlandiya) – “Qarabağ” matçı haqda fikirlərini bildirib.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, Hiqqins, oyunla bağlı bunları deyib:
“Azərbaycan həqiqətən, yaxşı tanınan futbol ölkəsi deyil. Ancaq son 5-6 ilə baxsaz, “Qarabağ”ın dörd dəfə Avropa Liqasında, bir dəfə də Çempionlar Liqasının qrup mərhələsində oynadığını görərsiz.
Çempionlar Liqasında “Atletiko” ilə iki oyunda da xal qazandılar. “Linfild” də öz üzərinə düşən işin öhdəsindən gələ bilsə, Şimali və Cənubi İrlandiyanın bütövlükdə ən uğurlu nəticəsini qazana bilər. 90 dəqiqə ərzində nəticə əldə etmək başqa şeydir, amma “Qarabağ” kimi komandanı iki oyunun nəticəsinə görə keçmək əsl qəhrəmanlıq olar”.
“Qarabağ”ın iki futbolçusu – Xayme Romero və Abdullah Zubir bəlkə də, Avropada qarşımıza çıxan ən güclü oyunçulardır. Yüksək keyfiyyətə sahib futbolçulardır. Bizə həqiqətən çox çətinlik yaradırdılar. Yəqin ki, onların qiymətləri bizim klubun büdcəsi ilə eyni olar.
“Linfild”də David Hili möhtəşəm işlər görür. Onlara uğurlar arzu edirəm”.
“Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Dandalk” klubunu iki oyunun nəticəsinə görə məğlub edib – ilk oyun 1:1, cavab oyunu 3:0.
“Linfild” – “Qarabağ” matçı bu gün, saat 22:45-də keçiriləcək.
Bizi Facebook-da izləyin