
Limit – Azərbaycanlı futbolçuların vazkeçilməz bəhanəsi
Əmir
Bizə mane olan limitdirmi?
Dünən millimiz yenə məğlub oldu. Fransa yığması ilə oyunda qeydə alınan 1:3 hesabı fransızlar kimi ölkəmizdə də heç bir futbol azarkeşini narazı salmadı. Hər halda, İslandiya kimi Avropanın ortababı qarşısında futbol adına nə isə ortaya qoya bilməyən milli komandadan ikiqat dünya və qitə çempionu ilə oyunda bundan artığını gözləmək sadəlövhlük olardı.
Məsələ dünən oynanan futbolda və qeydə alınan nəticədə deyil, matçdan sonra ölkə futbolunun əsas problemlərinin müzakirəsindədir. Dünənki matçdan öncə də, sonra da əsas müzakirə olunan məsələ Azərbaycan Premyer Liqasında legioner limitinin ləğvi oldu.
Əslində, müzakirə, polemika yaxşı şeydir. Müzakirə olmayan yerdə inkişaf da olmaz. İstənilən situasiyada, uğursuzluqda müzakirə aparmalısan ki, problemin kökünü tapıb, onu aradan qaldıra biləsən. Ona görə, indiki nəticələrdə limitin ləğvinin pis və ya yaxşı, hansısa rol oynamasının müzakirəsindən normal heç nə yoxdur. Hərənin özünə görə səbəbi, haqlı tərəfi var. Amma limitin ləğvinin millimizin mənfi nəticələrinə təsir etməsi, yerli futbolçuların klubunda az şans qazanmasının gələcəkdə daha pis uğursuzluqlara rəvac verəcəyi ilə bağlı fikirlər futbolçuların dilindən çıxanda insan qəribə hisslər keçirir. Hələ ölkə çempionatında 4 yerli futbolçunun meydana çıxışı məcburi olduğu dövrdə millimizin heyətində məğlubiyyətləri sıralayan kimlər idi bəs? Onda hər biriniz klubların əsas heyətində rəqabətsiz yer qazanır, milli Premyer Liqamızda hər tur şans əldə edirdiz. Bəs onda niyə nəinki nəticədə, hətta oyunda da müsbət irəliləyiş yox idi?
Gəlin, ötən Millətlər Liqasında və builki seçmə mərhələdə millimizin çıxışını müqayisə edək:
Millətlər Liqasında rəqiblərimiz: İsveç, Slovakiya və Estoniya. Milli komandamız İsveçə (1:3, 0:6) və Slovakiyaya (0:2, 1:3) hər iki oyununda uduzdu, estonlardan isə sadəcə, 1 xal ala bildi (0:0, 1:3). Nəticə, 1 xalla qrup sonunculuğu və Avropada ən aşağı eşalona, D liqasına “vəsiqə”. Ümumi top fərqimiz: 3-17 (-14).
DÇ-2026-nın seçmə mərhələsində rəqiblərimiz: Fransa, Ukrayna və İslandiya. Millimiz Fransa (1:3, 0:3) və İslaniyaya (0:5, 0:2) hər iki oyunda uduzdu, Ukraynadan isə 1 xal “qopardı” (1:1, 1:2). Yığmamız seçmə mərhələdə də 1 xalla sonuncu oldu. Top fərqimiz: 3-16 (-13).
Fikrimcə, hər şey ortadadır. Millimizin limitin 7+4 olduğu dövr və indiki, legionerlər üçün limitin tətbiq edilmədiyi dövrlə müqayisədə nəticəsində və oyununda heç bir dəyişiklik yoxdur. Hətta nə qədər gülməli də olsa, rəqiblərin daha güclü olduğunu nəzərə alsaq, builki nəticələri daha müsbət saymaq olar. Hər halda, Estoniya ilə 0:0-dansa Ukrayna ilə 1:1 daha sanballı görünür.
İndi sual yaranır, millinin oyununda və nəticəsində hansısa fərq yoxdursa, legioner limitinin olmasının və ya olmamasının hansı əhəmiyyəti var? Və ya, sualı belə dəyişə bilərik: Bu amil futbol ictimaiyyəti arasında müzakirəyə açıq mövzu olsa belə, millimizin üzvləri bu fərqi (əslində, fərqin olmamasını) nə ilə izah edirlər?
P.S. Yerli futbolçuların klublarında az şans qazanması problemdir və bunun bir çarəsi tapılmalıdır. Amma indiki halda məğlubiyyətlərin səbəbi kimi legioner limiti amilinin ön plana çıxarılması ən azından səmimi görüntü yaratmır.
Bizi Facebook-da izləyin



