“Leypsiq”dən PSJ-yə 12 milyon avroluq transfer
Fransa çempionu PSJ heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Paris təmsilçisi Almaniyanın “Leypsiq” klubunun müdafiəçisi Nordi Mukieleni transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Konqo əsilli fransalı oyunçu ilə 5 illik müqavilə imzalanıb.
PSJ Fransa millisinin üzvü üçün “Leypsiq”ə 12 milyon avro təzminat ödəyəcək.
Nordi Mukiele Fransanın “Laval” klubunun yetirməsidir. O, “Leypsiq”ə 2018-ci ildə “Monpelye”dən transfer olub. 24 yaşlı futbolçu ötən mövsüm “Leypsiq”in heyətində 38 oyuna 2 qol vurub və 4 məhsuldar ötürmə edib. Müdafiəçi bu komandada bütövlükdə 145 oyun keçirib, 10 qol vurub. Mukiele ötən ildən Fransa milli komandasına da dəvət alır. O, yığmada 1 oyun keçirib.
Mukieleni PSJ-yə satan “Leypsiq”in qapıçısı İvon Mvoqo da “Loryan”a keçib. Kamerun əsilli isveçrəli qolkiper yeni klubu ilə 2 illik müqavilə imzalayıb. Bu transferin digər detalları barədə məlumat verilmir.
İvon Mvoqo peşəkar karyerasına İsveçrənin “Yanq Boyz” klubunda başlayıb. O, 2017-ci ildə “Leypsiq”ə transfer olunmuşdu. Amma bu komandada möhkəmlənə bilməyən 28 yaşlı futbolçu, son iki ili Niderlandın PSV klubunda icarədə keçirib. Qapıçı “Leypsiq”də 19, PSV-də isə 43 oyuna çıxıb.
“Loryan” Mvoqo ilə yanaşı, Tunis yığmasının mərkəz müdafiəçisi Montassar Talbini də transfer edib. Kazan “Rubin”indən gələn 24 yaşlı futbolçu üçün Rusiya klubuna 1.5 milyon avro təzminat ödənilib.
Montassar Talbi 2021-ci ilin yayından “Rubin”də çıxış edirdi. O, bu komandada 27 oyun keçirib. Tunisli müdafiəçi daha öncə ölkəsində “Tunis” və Türkiyədə “Rizəspor” klublarının da uğurları üçün çalışıb. “Loryan”ın yeni transferi yığmada da 20 oyuna çıxıb.
Bizi Facebook-da izləyin