Mahir Emreli qələbəni şərh etdi: “Çox xoşbəxtəm”
“Legiya”nın futbolçusu Mahir Emreli Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Norveçin “Bude-Qlimt” komandasına qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, 3:2 hesabıyla bitən matçda dubl edən Emreli, klubun saytına açıqlamasında bunları deyib:
“Çox xoşbəxtəm, yoxlama oyunlarında qol vurmuşdum, ancaq rəsmi matçda fərqlənmək başqa hissdir. Sevənlərimin qarşısında bunu bacardığım üçün şadam. Artıq bu oyunu unutmalı və stadionumuzdakı növbəti matçımıza hazırlaşmalıyıq. İnşallah, Varşavada ən yaxşı oyunumuzu göstərəcəyik.
Ədalətli nəticə olduğunu demək çətindir. Hər iki komandanın şansları var idi. Rəqib doğma meydanına yaxşı bələd idi. Bəlkə də, bu səbəbdən topu daha çox özlərində saxlaya bildirlər. Cavab matçı fərqli atmosferdə olacaq. Çətin olacaq, ancaq yaxşı hazırlaşmalı və əlimizdən gələni etməliyik”.
“Legiya” – “Bude-Qlimt” matçı iyulun 14-də keçiriləcək.
Bizi Facebook-da izləyin