Mahir Emreli Jiru kimi olmaq istəyir

“Legiya”nın futbolçusu Mahir Emreli Avropa Liqasının pley-off mərhələsinin “Slaviya” (Çexiya) ilə cavab matçından əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, Emreli, ilk oyunda vurduğu qoldan sonra sevincini komanda yoldaşı Tomaş Pekqartla bölüşməsi ilə bağlı bunları deyib:

“Əvvəl belə planım yox idi. Qol vurduqdan sonra sevincimi Tomaş Pekqartla bölüşmək istədim. Həmin anda olan bir hiss idi. Oyundan əvvəl xüsusi bir şey planlaşdırmamışdım”.

Mahir, qol vurmaqdansa, komandasının qələbə qazanmasının daha vacib olduğunu da vurğulayıb:

“Düzdür, hücumçu qol vurmalıdır. Lakin bu, mənim üçün heç vaxt vacib olmayıb, əsas qalib gəlməkdir. Hücumçu təkcə qol vurmalı deyil, həmçinin komandasının oyunu üçün əlindən gələni etməlidir. Olivye Jiru DÇ-2018-də Fransa yığması ilə bütün oyunlarda iştirak etsə də, qol vurmaq bir yana, heç qapıya dəqiq zərbə endirə bilməmişdi, amma dünya çempionu oldu. Açığı, baş məşqçinin sisteminə öyrəşməkdə çətinlik çəkirəm. Çünki mənim üçün fərqli sistemdir. Buna baxmayaraq, oyundan-oyuna inkişaf edir, daha çox şey öyrənməyə çalışıram”.

Azərbaycanlı hücumçu, Polşa çempionatının səviyyəsi haqda da fikirlərini bildirib:

“Çempionatın səviyyəsi, rəqabət daha yaxşıdır. Çünki Azərbaycandakı çempionatda yalnız iki və ya bir komanda çempionluq uğrunda savaşır. Burda bütün komandaların şansı var. Ona görə, mövsümün sonunda kimin çempion olacağını demək çətindir”.

Sabah keçiriləcək “Legiya” – “Slaviya” matçı saat 23:00-da start götürəcək. Komandalar arasındakı ilk matçda 2:2 hesablı heç-heçə qeydə alınıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button