“Legiya” azarkeşlərin futbolçulara hücum etdiyini təsdiqlədi
Polşa çempionatının 18-ci turunda səfərdə Plotsk “Visla”sına 0:1 hesabıyla uduzan “Legiya”, matçdan sonra azarkeşlərin klub avtobusuna hücum çəkməsi ilə bağlı bəyanat yayıb.
Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi klubun rəsmi saytı məlumat yayıb.
Varşava təmsilçisi belə bir hadisənin baş verdiyini təsdiqləyib. Bəyanatda aqressiv fanatların hərəkətləri pislənilib, bu cür halların yolverilməz olduğu vurğulanıb. Bildirilib ki, insident oyunçuları daşıyan nəqliyyat vasitəsi klubun bazasına qayıdarkən olub. Təhlükəsizlik tədbirlərinə baxmayaraq, avtobus müvəqqəti saxlanılıb, daha sonra bir qrup azarkeş içəri daxil olaraq futbolçulara qarşı aqressivlik nümayiş etdirib. Polisin müdaxiləsi nəticəsində qrup dərhal dağıdılıb.
Hazırda yerli polis hadisənin təfərrüatlarını aydınlaşdırır. Klub bundan sonra komanda ilə bağlı təhlükəsizlik tədbirlərinin daha da gücləndiriləcəyini bildirib.
Xatırladaq ki, azarkeşlərin hücumu nəticəsində “Legiya”nın iki legioneri xəsarət alıb. Onlardan birinin Azərbaycan millisinin hücumçusu Mahir Emreli, digərinin isə Lukinyas olduğu iddia edilir.
Bizi Facebook-da izləyin