“Premyer Liqadan aşağı komanda salmayacağıqsa, o zaman bu çempionat boşuna oynanılıb” – SORĞU

Dünən AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirildi. Komitənin qərarı ilə 2025/26 mövsümündən etibarən legioner limiti ləğv olunacaq və Azərbaycan Premyer Liqasında 10 yox, 12 komanda iştirak edəcək.

Komanda.az İcraiyyə Komitəsinin son qərarları ilə bağlı idman jurnalistlərinin fikirlərini öyrənib:

Anar Şabanoğlu (“sports.az”)

”Komandaların sayının artırılmasına münasibət yalnız müsbət ola bilər. Azərbaycanda 100-ə yaxın şəhər və rayon, 300-ə yaxın qəsəbə var. Onların hamısının komandası olmalıdır və Azərbaycan Premyer Liqasında ən azı 16 komanda oynamalıdır. AFFA-nın bu qərarını yalnız təqdir etmək olar. Sadəcə, birinci liqada yarışan komandalar indidən lisenziya şərtlərinə uyğun şərait yaratmalıdırlar. Yoxsa, “Karvan” və “İmişli” kimi idman prinsipləri ilə Premyer Liqaya yüksəlmək ehtimalı böyük olan komandaların yerini elitada başqaları tutacaq”.

Natiq Muxtarlı (“aut.az”)

”Azərbaycan Premyer Liqasında komanda sayının artırılması və legioner limitinin ləğvi labüd idi. Amma bu qərarların necə icra ediləcəyi bəzi suallar doğurur. Komanda sayının artırılması futbolun kütləviliyinə xidmət etməlidir. Yəni, elitaya bölgə təmsilçisi gəlməlidir. Hətta bölgənin seçilməsi də həssas məsələdir. Burada araşdırma, elmi yanaşma olmalıdır. Öncə futbol ənənəsi olan rayonlardan başlamaq lazımdır. Bir milyon əhalinin yaşadığı, köklü futbol ənənəsi olan cənub bölgəsində komanda olmayacaqsa, şimal regionu elitada təmsil edilməyəcəksə, Mərkəzi Aran bölgəsi futboldan kənarda qalacaqsa, komanda sayının artırılmasının heç bir mənası olmayacaq.

Legioner limitinin də ləğvi alqışlanmalıdır. Amma iştirak ərizəsində 17 legionerin olması absurddur. Bu, bəzi komandalara “pul yumaq” üçün fürsət yaradacaq. Hər 6 aydan bir 10-15 legioneri gətirəcəklər, bir o qədərini də göndərəcəklər. Onların bəziləri heç meydana da çıxmayacaq. Çünki olduqca aşağı səviyyəli futbolçular olacaq. Onlar ancaq bura pul almaq və kimlərəsə də pul qazandırmaq üçün gələcəklər. İştirak ərizəsinə 12 legionerin salınması daha məqsədəuyğun olardı ki, klublardakı “istedadlı dələduzlar”ın bazarı qismən də olsa, bağlansın.

Amma pis-yaxşı, qərar verilib. Görək necə tətbiq olunacaq. Bu isə idarəetmədən, idarəçilərdən asılıdır”.

Saleh Arslan (“korner.az”)

”Legioner limiti ilə bağlı müzakirələr uzun müddət idi davam edirdi və fərqli yanaşmalar var. Fikrimcə, bu qərardan ölkə futbolu heç nə qazanmayacaq. Əksinə, maddi durumu yaxşı olan klublar sırf çempionluq üçün heyətlərini legionerlərlə dolduracaqlar ki, bu da istər-istəməz təbəqələşməyə də gətirib çıxara bilər.

Çempionatda 12 komandanın iştirakı qərarına gəlincə, müsbət qərardır. Ancaq “aşağı”da tələblərə cavab verən, maliyyə dayanıqlığı olan klublar varmı? Əsas sual budur”.

Ceyhun Əliyev (“sport24.az”)

”Hər zaman legioner limitinin ləğvinin tərəfdarı olmuşam. Çünki azərbaycanlı futbolçular öz sahələrində dünyada bəlkə də, ən tənbəllər sırasında liderdirlər. Limit qoyulduqda nə baş verdi ki? Millimiz dağı dağ üstə qoydu? İlk yüzlüyə düşməyən ölkədə “millinin səviyyəsi aşağı düşəcək” demək absurddur. Hara düşəcək? Millətlər Liqasının D divizionundan o yanası yoxdur, heç kəs narahat olmasın. Bir dəfə də azərbaycanlı futbolçular çətin duruma düşmüşdü – milli çempionat dayandırılanda. Nə baş verdi? Məhz həmin dövrdə millimiz keyfiyyətli futbol oynamağa başladı. Niyə? Çünki oyunçular ölkə xaricinə üz tutdu. Ukraynada bu gün də Samir Əliyevlə Kamal Quliyevi ən xoş sözlərlə xatırlayırlar. Zamanla limitin ləğvi bəhrəsini verəcək. Amma 13-cü oyunçudan etibarən heç bir güzəşt olmadan 100 min ödənməsini səhv sayıram. Fikrimcə, dünya sıralamasında ilk 50 yerdə qərarlaşan ölkələrin milli üzvləri üçün 50 faizlik güzəşt tətbiq etmək daha ədalətli olardı ki, orta büdcəyə sahib komandalar da bu imkandan yararlanma şansı əldə etsin.

Komanda sayının artmasını isə məhz limitin ləğvindən sonra müsbət dəyərləndirmək olar. Çünki indiki halda “yerlilər harda oynasın” sualı ortaya çıxmayayacaq. Eyni zamanda, Premyer Liqada oynamağa layiq olmayanların da sayı bir o qədər çox olmayacaq. Zamanla balanslaşma üçün komanda sayının 14-16 olmasının tərəfdarıyam”.

Kənan Məstəliyev (“rekord.az”)

“Mən legioner limitinin ləğv olunmasını istəmirdim, çünki yerli futbolçuların ümumən komandanın heyətinə düşmələrində çətinliklər törədəcək. Bu qərarı mənfi qərar olaraq qəbul edirəm. Bəli, şərtlər sərtləşdirilib. Müəyyən bonuslar, həvəsləndirici addımlar ümumi qərarın mənfiliyini yenə də aradan qaldırmır. Çünki legioner limitinin ləğvi yerli futbolçuların qarşısını kəsəcək. Fikrimcə, bu, sərt qərardır. Biz təbii ki, heç nəyi dəyişə bilmərik. Lakin yenə də, mən bunun doğru qərar olmadığını düşünürəm. Biz əslində ilk öncə akademiyalar qurmalı, yerli futbolçular yetişdirməli, daha sonra legioner limiti tətbiq etməli idik.

Klub sayının artırılması çox yaxşı addımdır. Klub sayının 12-yə qədər artırılması, yəqin ki, bir keçid dövrü qərarıdır. Böyük ehtimalla, bir neçə ildən sonra klub sayının 14-ə, 16-ya qaldırılması ilə bağlı da qərarlar veriləcək. Bu, yaxşıdır. Birinci liqadan, xüsusilə də, region komandalarının Azərbaycan çempionatına gətirilməsi müsbət qərardır. Sadəcə bir məqam var ki, bu mövsüm və bundan sonra idman prinsipləri əvvəlki iki mövsümdə olduğu kimi qorunmalıdır. Bu, mütləqdir. Biz Premyer Liqadan aşağı komanda salmayacağıqsa, o zaman bu çempionat boşuna oynanılıb. Aşağı liqadan komandalardan neçəsinin gəlməsinə baxmayaraq, bir komanda mütləq şəkildə elitadan düşürülməlidir. Düşürülməsə, bu, fiasko, rəzalət qərar olacaq. Buna yol vermək olmaz”.

Nəzrin Kazımlı

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button