Legioner limiti: Yerli futbolçunun “çörək ağacı”

Gedin, ciddi işlə məşğul olun!

Vüsal “Aydın” Qəmbərov

Daha əvvəl də demişəm: Azərbaycan idman camiəsinin süni gündəmləri ayrı bir həzzdir. İndi də təzə “oyuncaq” düşüb göydən: Legioner limitinin ləğvi.

Dünyada elə mövzu yoxdur ki, o haqda hamı həmfikir olsun. Qətiyyən etirazım yoxdur bu mövzuda da leyhdarların və əleyhdarların olmasına. Elm hansısa bir mövqeni dəstəkləyən nəticələr çıxarsa da qabağımıza, zaman bu tipli mühakimələri dəyişdirməyi də bacarıb.

Deyək ki, dünya futbolunun daha uğurlu və peşəkar məktəbləri oturub qərar verib ki, bu limit faydadan çox ziyan verir. Yenə də, yerli kontekstə və ya vaxt ötdükcə mövzudakı dinamikaya baxıb demək olar ki, bu, yaxşıdır, ya pis.

İntəhası, bu günə əlimizdə olan bütün məlumatlar deyir ki, bu limitdən bircə dənə xeyir görən var, o da yerli futbolçuların maaş kağızlarıdır. Baxın, geniş mənada “Yerli futbolçulardır” belə, deyə bilmirəm. Çünkü FİFA-nın texniki hesabatı belə deyir ki, bir ölkədə və mühitdə futbolçuların inkişafına ən çox təkan verən faktorlardan biri rəqabət mühitidir. Legioner limiti isə “bizlənməsi” və işlədilməsi lazım olan yerli futbolçunun başının altına yastıq qoyur.

Türkiyə illərlə bu mövzuda çox proteksionist davrandıqdan sonra limitin Alper Potuk hadisəsi kimi mənasız nəticələrini görüb, bu limiti simvolik həddə saldı. Türkiyə yığmasının Avropa çempionatında 1/4 finalına yüksəlməsini heç bu siyasətin nəticəsi kimi qələmə vermək fikrim də yoxdur. Amma Türkiyədə son illərdə yetişən futbolçuların keyfiyyəti göz qabağındadır.

Alper Potuk hadisəsinə də qayıdım. Sağ cinah yarımmüdafiəçisi Türkiyə çempionatının proteksionist vaxtlarında “Əskişəhərspor”da parladı və “Qalatasaray”la “Fənərbaxça” onun üçün qızğın mübarizəyə girişdi. Axırda normalda bazar dəyəri 3-4 miyon olan oyunçu üçün “Fənər” 7,5 milyon avro ödədi. Hamısı da bu həmin legioner limitinə görə.

Azərbaycandan isə heç danışmağa dəyməz. Legioner limiti ilə getdik Millətlər Liqasının D divizionuna, olduq Lixtenşteynin, Cəbəllütariqin tayı.

Arsen Vengerin də dediyi kimi, legioner limiti kimi gözdən pərdə asan qaydalar yerinə, uşaq futbolunda və infrastrukturda ciddi iş görmək lazımdır. Rəqabətədavamlı futbolçu yetişdirmək üçün axtarışda olmaq, ləyaqətli insanlara şərait yaratmaq lazımdır, vacibdir.

Limit… Yox bir daha…

P.S. Limit olsun və ya olmasın demirəm. Amma əsas mövzumuz bu olmalı deyil, onu dəqiq deyə bilərəm.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button