
“Bacarıqlı yerli oyunçulara həmişə şans vermişik” – Qurban Qurbanov
“Futbolçularıma təşəkkür edirəm. Çox faydalı, keyfiyyətli oyun oldu. Biz bir neçə tur əvvəl çempion olsaq da, bu gün bunu daha çox hiss etdik. Haqq etdikləri medallara bu gün qovuşacaqlar. Bizim üçün çox xoş gündür. Futbolçularımı ürəkdən təbrik edirəm. Stadiona gələn hər azarkeşə təşəkkür edirəm. Azər Bağırov və “Kəpəz”ə uğurlar arzu edirəm”.
Komanda.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 35-ci turunun “Kəpəz”lə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.
Baş məşqçi ikinci hissədə meydana çıxan gənc futbolçu Hikmət Cəbrayılzadənin çıxışına da münasibət bildirib:
“Bacarıqlı yerli oyunçulara həmişə şans vermişik. Yaxşıdırsa, meydana buraxırıq. İstənilən futbolçu üçün şərait yaradılır ki, əsas komandada məşq etsin, oynasın. Hikmət Cəbrayılzadə son 10 gündür əsas komandadadır. Aftandil Hacıyev onun və Amin Rzayev haqqında məlumat vermişdi. Biz şərait yaradırıq. Çox istəyərdim ki, meydanda keçirdikləri dəqiqələr daha çox olsun. Daim onları möhkəmləndirməyə çalışacağıq. Böyük futbol oynamaq üçün gənc yaşda daha dözümlü olmalıdırlar. Hikmət öz üzərində çox çalışmalıdır. Fiziki gücünü və faydalı iş əmsalını artırmalıdır. İmkan olduqca, belə oyunçuları daim komandaya cəlb edirik”.
Bizi Facebook-da izləyin



