“Yenidən klub prezidenti seçilsəm, Qvardiolanı “Barselona”ya qaytarmaq istəyirəm”

İspaniyanın “Barselona” klubunun sabiq prezidenti Xuan Laporta gələn il baş tutacaq seçkilərdə namizəd olacağını bəyan edib.

Komanda.az xəbər verir ki, TV3-ə açıqlama verən 57 yaşlı keçmiş prezident, hədəflərindən də söz açıb.

O, əsas hədəflərindən birinin hazırda “Mançester Siti”ni çalışdıran Pep Qvardiolanı yenidən “Barselona”ya qaytarmaq olduğunu söyləyib:

“Barselona”nı qarşıdakı illərdə çox çətin dönəm gözləyir. Bunun öhdəsindən çox çalışmaqla gəlmək mümkün olacaq. Yenidən klub prezidenti seçilsəm, Pep Qvardiolanı “Barselona”ya qaytarmaq istəyirəm. Təbii ki, bu, bir fərdi qərardır”.

Laporta, qarşıdakı illərdə “Barselona”nın baş məşqçisi olmağı hədəflədiyini açıqlayan Xavi Ernandes barədə də danışıb:

“Xavi özünü “Barselona”nın baş məşqçisi olmağa hazır hiss etdiyi zaman buna qərar verəcək. Asan olmayacaq, amma zamanı gələndə anlayacaq”.

Xuan Laporta 2003-2010-cu illər aralığında “Barselona”nın prezdenti olub. 2010-2014-cü illər aralığında kluba Sandro Rossel rəhbərlik edib. 2014-cü ildən isə Xosep Maria Bartomeu Kataloniya təmsilçisinin prezidentidir.

Qvardiola isə məşqçilik karyerasına 2007-ci ildə “Barselona”nın B komandasında başlayıb, bir il sonra əsas komandaya baş məşqçi təyin olunub. 2012-ci ildə isə o, Kataloniya təmsilçisindən ayrılıb. “Barselona” onun rəhbərliyi altında 3 dəfə ölkə çempionu olub, 2 dəfə İspaniya kubokunu, 3 dəfə superkuboku qazanıb. Pep “Barsa”nı 2 dəfə UEFA Çempionlar Liqasının, 2 dəfə UEFA superkubokunun, 2 dəfə də klublararası dünya çempionatının qalibi edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button