
Lala dil açdıran Azərbaycan hakimləri
Əmir
“Sabah” – “Sumqayıt” oyununda (1:1) yenə hakimlik diqqət mərkəzində idi. Bu dəfə oyunun baş hakimi Əliyar Ağayevin bütün “fitlər”i meydan sahiblərinin əleyhinə səsləndi. Masazır klubunun iki qolu qeydə alınmadı, bir epizodda isə top cərimə meydançası daxilində “Sumqayıt”ın futbolçusunun əlinə dəysə də, nə VAR baş hakimi monitor önünə dəvət etdi, nə də baş hakim özü “ağ nöqtə”ni göstərmək fikrinə düşdü. Maraqlıdır ki, Əliyar Ağayev ötən mövsüm, ölkə kubokunun yarımfinal mərhələsi çərçivəsində baş tutmuş “Neftçi” – “Sabah” oyununda da baş hakim idi. Həmin matç da böyük qalmaqalla yadda qalmış, qonaq komanda 2:1 hesabıyla qalib gəlsə də, komandanın bir penaltisi həm oyunun hakimlər briqadasının, həm də VAR-da əyləşən ədalət təmsilçilərinin gözündən “yayınmışdı”. Həmin vaxt hakimlərin bu qərar(sızlığ)ı böyük ajiotaj doğurmuşdu. Bu qərara rəğmən, “Sabah” kubokda finala çıxmış, orada “Qarabağ”ı məğlub edib ölkə kubokuna yiyələnmişdi. Olanlar yaddan çıxdı, getdi. Yeni mövsüm başlayanda isə sanki ötən mövsüm baş verənlər olmayıbmış kimi, bir qrup şəxs “Sabah”ı dartırlar” “nağıl”ını işə saldı. İşin maraqlı tərəfi odur ki, bu şəxslərin “Sabah”ın “dartılmasını” iddia etdiyi epizodların demək olar hamısında mütəxəssis rəyi bu klubun lehinə olub. Əksinə, “Sabah”ın “Turan Tovuz”la matçında region klubunun futbolçusuna verilməli olan qırmızı vərəqə nə kəramətdirsə, yenə baş hakimin də, VAR-da əyləşən “ədalət təmsilçiləri”nin də gözündən “yayındı”.
Dünənki oyun barədə isə yuxarıda bəhs etdim. Hətta vəziyyət o həddə çatmışdı ki, hər zaman sakit təbiəti ilə seçilən, oyun zamanı çox hallarda hətta ehtiyat oyunçular skamyasından tərpənməyən “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas da özündən çıxmışdı. Oyun zamanı Əliyar Ağayevin “sarı üz”ünü görən Valdas, mətbuat konfransında da həmişəki kimi, uzun-uzadı oyunun ssenarisindən, taktiki gedişlərdən yox, elə məhz hakimlikdən danışırdı.
Özünün dediyinə görə, 400 oyundan artıq peşəkar məşqçilik karyerası ərzində bu ilk belə çıxışı idi. Adam doğrudan mat-məəttəl qalır. Bizim hakimlik bu cür səbrli insanı da cəmi 6 tura hövsələdən çıxardı. Hələ litvalı mütəxəssis yana-yana “komandanın əziyyətini bu cür yerə vurmaq olmaz”, “bu, hörmətsizlikdir” kimi ifadələr də işlətdi. Nə demək olar, Azərbaycan hakimliyinə “əhsən” düşür. Bizim hakimlər anadangəlmə lalı da “danışdırar”.
Cənab Dambrauskasa isə “Azərbaycan futboluna xoş gəldin” demək istəyirəm. Burada möhkəmlənmək istəyirsə, səbrini dəmirdən etməli, “valerianka”sını da yanında əskik etməməlidir.
P.S. Yeri gəlmişkən, dünənki oyunda yaşananlar “Sabah”ı dartırlar” iddiasında olanlara tərs sillə oldu. Müəyyən məqsədlərlə bu “virus”u beyinlərə yerləşdirməyə çalışanlar və ya, buna inanıb kiminsə maraqlarının alətinə çevrilənlər artıq manipulyasiya üçün başqa variantlar fikirləşməli olacaqlar.
Bizi Facebook-da izləyin



