La Liqa prezidentindən Qrizmannla bağlı açıqlama
İspaniya La Liqasının prezidenti Xavyer Tebas “Atletiko”nun Antuan Qrizmannın transferi ilə bağlı şikayəti haqqında açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Tebas, Madrid təmsilçisinin “Barselona”nın Qrizmannın transferi zamanı qaydaları pozması ilə bağlı La Liqa rəhbərliyinə şikayət etməsi haqqında danışıb:
“Bu işin bir çox fərqli tərəfi var. Ona görə də, məsələnin bir neçə gün içərisində tamamlanacağını düşünmək olmaz. Məhkəmə prosesi çox çəkəcək. Məsələylə bağlı öz fikirlərimi deyə bilmərəm. Mənim sadəcə, “Atletiko”nun La Liqa rəhbərliyinə məktub göndərib, “Barsa”nın bu cür hərəkətlərindən sonra transfer hüququna sahib olduğuna şübhələrini bildirdiklərindən xəbərim var. “Barselona”nın futbolçularla danışıqlar qaydasını pozub-pozmadığını bilmirəm. “Atletiko” tərəfi buna əmindirsə, hüquqlarını müdafiə etməlidir. Onlar hətta bu məsələyə aid sübutlarının olduğunu da iddia edirlər. Əminəm ki, məhkəmə prosesi uzun çəkəcək”.
Bizi Facebook-da izləyin