La Liqa klubunda 3 yeni futbolçu
“Espanyol” heyətini yeni futbolçularla gücləndirib.
Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi “Almeriya”dan Fernando Paçekonu, Xixon “Sportinq”indən isə Xose Qraqeranı transfer edib.
Klub Paçekonun transferi üçün 2.2, Qraqeranın keçidi üçün isə 2.8 milyon avro ödəyib. Paçeko ilə müqavilə 2026-cı, Qraqera ilə sözləşmə 2028-ci ilin 30 iyununa kimi nəzərdə tutulub.
Paçeko Madrid “Real”ının yetirməsidir. İspaniyadan olan 30 yaşlı qapıçı uzun müddət “Alaves”in uğurları üçün çalışdıqdan sonra bu mövsümün əvvəlində “Almeriya”ya keçmişdi.
Qraqera isə “Sportinq”in öz yetirməsidir. 22 yaşlı ispan yarımmüdafiəçi bu klubun əsas komandasında 96 oyunda 4 qol vurub.
Espanyollular “Selta”nın yarımmüdafiəçisi Denis Suaresi də icarəyə götürüblər. 29 yaşlı ispan futbolçu bu mövsümün sonuna kimi elita təmsilçisinin uğurları üçün çalışacaq. La Liqa klubu 6 aylıq icarə üçün 200 min avro ödəyəcək.
“Selta”nın yetirməsi olan Denis Suares “Mançester Siti”, “Barselona”, “Sevilya”, “Vilyarreal” və “Arsenal”ın da uğurları üçün çalışıb. O, 2019-cu ildə yenidən “Selta”ya qayıdıb. Futbolçu bu komandada meydana çıxdığı 105 oyunda 5 qol vurub.
Bizi Facebook-da izləyin