La Liqa klubu baş məşqçisini istefaya göndərdi
“Selta” baş məşqçisi Karlos Karvalhalı istefaya göndərib.
Komanda.az xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.
La Liqa təmsilçisi 2024-cü ilin yayına kimi müqaviləsi olan 57 yaşlı mütəxəssislə qarşılıqlı razılıq əsasında vidalaşıb.
Karvalhal ötən ilin noyabrından “Selta”ya rəhbərlik edirdi. Komanda onun rəhbərliyi altında La Liqada geridə qalan mövsümü 43 xalla 13-cü pillədə başa vurub.
“Selta” dörd futbolçusu ilə də yollarını ayırıb. La Liqa təmsilçisi hücumçuları Haris Səfəroviç və Qabriel Fernandes, sağ cinah vingeri Auqusto Solari və sağ cinah müdafiəçisi Huqo Mallo ilə vidalaşıb. Son üç futbolçunun klubla müqaviləsinin müddəti başa çatdığı üçün azad agentə çevriliblər. Portuqaliyanın “Benfika” klubundan icarəyə götürülmüş Səfəroviçin isə icarə müddəti bitdiyi üçün geri qaytarılıb.
Bizi Facebook-da izləyin