Kərimli Karate1 Youth League turnirində “gümüş” qazanıb
21 yaşadək gənclərdən ibarət Azərbaycan millisinin karateçisi Nicat Kərimli Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində keçirilən Karate1 Youth League turnirinin gümüş medalını qazanıb.
Azərbaycan Karate Federasiyasından Komanda.az-a verilən məlumata görə, 75 kq çəki dərəcəsində çıxış edən idmançı finalda misirli rəqibi ilə görüşdə öndə olmasına baxmayaraq, qələbəni əldən verib.
Kərimli həlledici qarşılaşmaya qədər Honq Konq, Şotlandiya və Ukrayna təmsilçilərini üstələyib.
Dünya Karate Federasiyasının nüfuzlu turnirlərindən sayılan bu yarışda 14 yaşadək uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-18 və 21 yaşadək gənclər mübarizə aparırlar. 67 ölkədən 1169 idmançının qatıldığı turnirdə Azərbaycanı 27 karateçi təmsil edir.
Bizi Facebook-da izləyin