“Kəpəz”in məşqçilər heyəti ilə azarkeşlər arasında QARŞIDURMA
Birinci divizionun 23-cü turunda, səfərdə “Turan Tovuz”la qarşılaşan “Kəpəz”in qolsuz heç-heçə etdiyi oyundan sonra azarkeşlərinin narazılığını bildirmək üçün rəhbərlik və baş məşqçiylə görüşmək məqsədiylə klubun stadionuna getdiyini xəbər vermişdik.
Həmin oyundan sonra “Kəpəz”in “Xəmsə” fan klubunun sosial şəbəkə hesabında maraqlı paylaşım da edilmişdi. Paylaşımda bildirilmişdi ki, bir qrup azarkeş narazılığını bildirmək üçün stadiona gedib baş məşqçi və rəhbərliklə görüşmək istəyib. Amma bunu eşidən “Kəpəz” yetkililəri arenaya polis çağırıb. Düzdür, sonradan klubun mətbuat xidmətindən Komanda.az-a edilən açıqlamada bu məlumat təkzib edilmişdi. Lakin…
Komanda.az-a “Kəpəz”in adının açıqlanmasını istəməyən azarkeşlərindən birinin verdiyi məlumat Gəncə təmsilçisində suların durulmadığını göstərir. Komandanın çıxışından narazı olan, xüsusilə, daha çox fəallıq göstərən azarkeşlər “Kəpəz”in məşqçilər heyəti tərəfindən təhdid edilir. Bizə verilən məlumata görə, hətta məşqçilər heyəti bir nəfər qoluzorlu taparaq, onun vasitəsiylə narazı olan fanatları qorxutmağa çalışır. Bir qrup azarkeşin komandanın bərbad çıxışına görə narazılığını bildirmək üçün rəhbərliklə görüşmək fikrinə düşməsi, onların məşqçilər heyətinin qəzəbinə tuş gəlməsinə səbəb olub.
“Kəpəz” birinci divizionda 23 turdan sonra 24 xal toplayaraq, turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Bu isə təbii ki, haqlı olaraq gəncəli azarkeşlərin narazılığına, etirazına səbəb olur. Klubda isə görünür ki, “Kəpəz”in bu vəziyyətdə olmasının səbəblərini araşdırmaq, hesabat vermək əvəzinə, azarkeşləri susdurmaq yolu tutulub. Bu yol yaxşı yol deyil. İstənilən klubu yaşadan, ona güc verən azarkeşləridir. Təəssüf ki, “Kəpəz”in nəticələrinə cavabdehlik daşıyanlar bunu qulaqardına vururlar.
Bizi Facebook-da izləyin