“Kəpəz” “Kostya dayı”nın məzar daşını yeniləyib – FOTO
Tanınmış uşaq futbol məşqçisi Konstantin Abramenkonun köhnəlmiş məzar daşı yenilənib.
Komanda.az xəbər verir ki, bu addım “Kəpəz” Futbol Klubu İctimai Birliyinin İdarə Heyətinin təşəbbüsü ilə reallaşıb.
Klubun rəhbərliyi, məşqçilər, futbolçular, eləcə də veteranlar tərəfindən “Kostya dayı”nın Fəxri Xiyabanda olan məzarı ziyarət olunub, önünə tər qərənfillər düzülüb.
İdarə Heyətinin sədri İlqar Nadiri Konstantin Abramenkonun dövrünün bacarıqlı, zəhmətkeş məşqçisi olduğunu, Azərbaycan futboluna bir neçə nəsil güclü futbolçu bəxş etdiyini bildirib. Əlavə edib ki, dahi mütəxəssisin xatirəsinə həsr olunan və uşaqlar arasında keçirilən ənənəvi turnir tezliklə bərpa olunacaq və bu yarış Gəncədə yenə bayram ab-havası yaradacaq.
İdarə Heyətinin üzvü, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov Konstantin Abramenkonun uzun illər Gəncə futboluna təmənnasiz xidmət etdiyini, onun başçılıq etdiyi komandaların Sovet dövründə ittifaq miqyaslı turnirlərdə layiqincə təmsil olunduğunu vurğulayıb.
Əsas komandanın baş məşqçisi Tərlan Əhmədov Abramenkonun məşq bölməsindən çıxan futbolçuların “Kəpəz” və “Neftçi”yə göstərdikləri böyük xidmətlərdən danışıb.
Klubun idman direktoru, “Kostya dayı”nın yetirməsi olmuş Mehman Allahverdiyev, Knyaz Məmmədov, əvəzedici komandanın baş məşqçi Xaliq Mərdanov onunla bağlı bağlı xatirələrini bölüşərək, müəllimlərini böyük hörmətlə anıblar.
Konstantin Abramenkonun son yetirmələrindən olan və hazırda komandada çıxış edən Tural Rzayev isə onun yalnız müəllim olmadığını, hər bir uşağa ata qayğısı göstərdiyini deyib.
Bizi Facebook-da izləyin