“Kəpəz” haqda mətbuatda oxuduğum fikirlərin tam əksini gördüm” – MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının birinci yarısını 9-cu pillədə başa vuran “Kəpəz”in baş məşqçisi Adil Şükürovun Komanda.az saytına müsahibəsi:

  • “Kəpəz”in çempionatın ilk yarısındakı çıxışı barədə nə deyə bilərsiz?
  • “Kəpəz”ə ikinci dövrənin yarısında gəldiyim üçün, yalnız bu turlar barəsində fikir bildirə bilərəm. Komanda mənim fikrimcə, az da olsa, aqressiv futbol oynamağa başladı və nəticədə “Səbail”, “Sumqayıt” kimi iddialı komandalarla oyunlardan bir xalla ayrıldıq. Bizim üçün vacib olan “Qəbələ” ilə oyundan üstün ayrılmağımız idi. Bu bizə qış fasiləsinə 9-cu kimi yollanmaqda çox kömək etdi.
  • “Kəpəz”in son matçda “Neftçi”yə məğlubiyyəti haqda nə düşünürsüz?
  • Komanda “Neftçi” ilə oyuna yaxşı hazırlaşmışdı və ani epizodlarda diqqətsizlikdən qollar buraxdıq. Ümumi olaraq, komanda ilə görüləcək işlərin astanasında olduğumuz üçün, düşünürəm ki, biz “Kəpəz” olaraq ilk növbədə fikrimizi Premyer Liqada qalmağa yönəltməliyik. Daim oyunumuzu və futbolçuların performansını yaxşılaşdırmalıyıq.
  • Komandanız qış fasiləsinə 9-cu pillədə yollanır. Sizcə, “Kəpəz” hazırkı heyətlə mövsümün sonunda Premyer Liqada qala bilər?
  • Əvvəldə qeyd etdiyim kimi, biz daim çalışıb inkişaf etməliyik. İnkişaf etmək istəyən komanda da təbii ki, heyətində dəyişikliklər etməlidir. Biz də bu yöndə, imkanlarımız daxilində addımlar atmağa çalışırıq. Əsas hədəf bu mövsüm üçün Premyer Liqada qalmaqdır və bu yöndə bütün gücümüzlə çalışırıq.
  • “Kəpəz”ə baş məşqçi təyin olunanda komandadakı ab-hava necə idi?
  • “Kəpəz” haqda mətbuatda oxuduğum fikirlərin tam əksini gördüm. Hər bir komanda üzvü və əməkdaşı öz işləriylə, gündəlik problemləriylə məşğul idilər. Yəni normal bir vəziyyət var idi.
  • Qış fasiləsi komandanın performansına necə təsir edəcək?
  • İnşaallah, qış fasiləsi nisbətən daha qısa olduğundan, düşünürəm ki, qlobal dəyişiklik gözləmək lazım deyil. Sadəcə, xırda dəyişikliklər edərək inkişaf etmək lazımdır. Çünki qısa müddətdə böyük dəyişikliklər bütün ab-havanı poza bilər.
  • Komanda fasilədən sonra ilk oyununu “Turan Tovuz”a qarşı keçirəcək. Bu görüş barədə nə deyə bilərsiz?
  • Üçüncü dövrənin ilk oyunu “Turan Tovuz”a qarşıdır. Bəli, əvvəl də qeyd etdiyim kimi, 3-cü və 4-cü dövrənin oyunları bizim üçün demək olar ki, cox vacibdir. Fasilədən sonra bütün komandalar qış fasiləsinə kimi boşluqlarını müəyyənləşdirir və yeni transferlər edərək, bu boşluqları doldururlar. Bu baxımdan, bütün komandalarda dəyişikliklər olur. Təbii ki, biz də imkanlarımız daxilində bəzi gücləndirmə işlərini aparacağıq.
  • “Kəpəz” qış transfer pəncərəsində yeni futbolçularla heyətini gücləndirəcək?
  • Bu yöndə işlər gedir. İmkan daxilində yeni futbolçular transfer ediləcək.
  • Cari Azərbaycan Premyer Liqasını necə dəyərləndirirsiz?
  • Bu il Premyer Liqanı qeyri-sabit görürəm. Bütün komandalar gözlənilməyən xallar itirib, gözlənilməz xallar qazanırlar.

Akif Əhmədov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button