“Onlara kollektivə uyğunlaşmaq üçün bir az vaxt lazımdır”
“Kəpəz” 1-ci divizionun ikinci dövrəsinə hazırlığı Bakıda davam etdirir.
Komanda.az xəbər verir ki, Gəncə təmsilçisi paytaxtda məşq etməklə yanaşı, yoxlama oyunları da keçirir. Toplanış barədə “sarı-göylər”in kapitanı Əli Səmədov klubun mətbuat xidmətinə fikirlərini bölüşüb:
“Təlim prosesi nəzərdə tutulduğu formada davam edir. Səylə məşq edib, oyunlara hazırlaşırıq. Gəncədəki təlim-məşq toplanışı ağır keçmişdi. Çünki gündə iki dəfə hazırlıq keçirdik. Gərgin məşqlərin fonunda “Turan Tovuz” ilə yoxlama matçına da çıxdıq. Pis oynamadıq. Ümumilikdə uşaqlar həvəslə məşq edir və hazırlıq prosesi normal qaydasında gedir. Hər şey yaxşıdır. İnşallah, bunun bəhrəsini ikinci dövrədə görəcəyik.
Bakı toplanışını yekunlaşdırdıqdan sonra Gəncədə sırf çempionatın təqvim oyununa hazırlaşacağıq, qarşıdakı görüşlərə köklənəcəyik. Komandada dəyişikliklər də var, yeni futbolçular cəlb olunub. Yaxşı oyunçular heyətimizə qoşulub. Onlara kollektivə uyğunlaşmaq üçün bir az vaxt lazımdır. Uşaqlar özlərini yaxşı tərəfdən göstərməyə çalışırlar. Tam adaptasiya olmasalar da, istəkli olduqları görünür. Oynamaq, mübarizə aparmaq istəyirlər. Bu, sevindirici haldır. Düşünürəm ki, bizə xeyirləri dəyəcək”.
Bizi Facebook-da izləyin