Kəmsavad, ağılsız tələb
AFFA İcraiyyə Komitəsi legioner limitini 7+4 həddinə qaldırıb. Əslində limit tamamilə ləğv edilməlidir. Çünki limitin olması çempionatda sağlam rəqabəti pozur, yerli futbolçuların inkişafının qarşısını alır. Nöşün ki, yerli futbolçular heç bir rəqabət olmadan oynamaq hüququ əldə edirlər ki, bu da onlarda arxayınlıq yaradır. Limit, həm də yerli futbolçuların qiymətini qaldırır. Heyətə yerli futbolçu cəlb etməyə məcbur olan komandalar onların tələb etdiyi məvacibi ödəmək məcburiyyətində qalırlar. Nəticədə, heç bir rəqabət aparmadan, evinin içində yüksək məvacib alan futbolçu xaricə getməkdən imtina edir. Və bu da həm klubların, həm də yığmanın inkişafını əngəlləyir. Güclü yığma o vaxt formalaşır ki, futbolçular xaricdə çıxış edirlər.
Limitin dəyişməsini məşqçilər birmənalı qəbul etməyiblər. Buna qarşı çıxan “mütəxəssislər”in gətirdikləri arqument isə elə arqumentsizlikdir. Onlar belə “arqument”lə, əslində yerli futbolçuların zəif olduqlarını etiraf ediblər. Məsələn, onların bir arqumenti budur: limitin 7+4 olması komandalar arasında böyük uçurum yaradacaq. Yəni demək istəyirlər ki, legioner gətirənlər gətirə bilməyənlərdən qat-qat üstün olacaq.
Dədə balaları, özünüz etiraf edirsiz ey yerlilərin həddindən artıq zəif olduğunu. Zəifdirlərsə, onların məcburi qaydada meydana çıxması nəyi dəyişir? 10 ildən yuxarıdır ki, 6+5 formatı hökm sürürdü. Hanı inkişaf edən yerli futbolçu? Hanı yığma komandanız? Zəif yerli futbolçular oynamaq hüququ qazanırlar, yığma da onlardan formalaşır. Ona görə də, dünyanın ən zəif yığmasıdır Azərbaycan. Siz mütəxəssis olsaydız, belə təklif irəli sürərdiz: limit ləğv edilməlidir ki, klublar inkişaf etsin. Uşaq futboluna yatırım olmalı, infrastruktur qurulmalıdır. Əvvəlcə futbolçu yetişdirməyə başlamaq lazımdır. Arxayın olun, futbolçu yetişdirilsə, onlar oynamağa yer tapacaqlar. Azərbaycanda olmasa da, xaricdə. Biz isə futbolçu yetişdirmirik və tələb edirik ki, futbolçu olmayanlar mütləq meydana çıxsınlar. Kəmsavad, ağılsız tələbdir.
Bizi Telegramda izləyin
Natiq Muxtarlı
Bizi Facebook-da izləyin