Kuypers Bakıya gəlir

UEFA Hakimlər Komitəsinin üzvü, UEFA Talant və Mentor Proqramının rəhbəri, eyni zamanda hakim-inspektor Byorn Kuypers Bakıya səfər edəcək.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, milli assosiasiyanın dəvəti ilə Azərbaycana gələcək.

Niderlandlı mütəxəssis fevralın 27-də “Baku Marriott Boulevard” hotelində hakimlər üçün seminar keçirəcək. Kuypers saat 11:00-da başlayacaq seminarda liderlik və oyun idarəçiliyi, eyni zamanda kommunikasiya üzrə təcrübələrini bölüşəcək. Həmçinin FİFA dərəcəli hakimlərə döş nişanlarının təqdimatı olacaq. Tədbirin bağlanış mərasimi saat 16:30-da baş tutacaq.

Seminardan sonra, saat 17:00-da Byorn Kuypersin iştirakı ilə brifinq təşkil olunacaq.

2002-ci ildə hakimliyə başlayan Byorn Kuypers 2006-cı ildə FİFA kateqoriyasını alıb. 2009-cu ildən karyerasını başa vurduğu 2021-ci ilə qədər elit kateqoriyanı daşıyan Kuypers iki dəfə (2014, 2018) dünya, üç dəfə (2012, 2016, 2020) isə Avropa çempionatının final mərhələsinin matçlarına təyinat alıb. Həmçinin UEFA Çempionlar Liqası, Avropa Liqası, FİFA klublararası dünya çempionatı, FİFA Konfederasiyalar Kuboku kimi mötəbər yarışlarda dəfələrlə oyunlar idarə edib.

Niderlandlı 2009-cu ildə U-21-lərin Avropa çempionatının finalını, 2011-ci ildə UEFA superkubokunu, 2013 və 2018-ci illərdə UEFA Avropa Liqasının finalını, 2013-cü ildə FİFA Konfederasiyalar Kubokunun finalını, 2014-cü ildə UEFA Çempionlar Liqasının finalını, eyni zamanda AÇ-2020-nin finalını idarə edib, DÇ-2018-də isə dördüncü hakim olub.

Byorn Kuypers 2021-ci il iyulun 29-da “Ayaks”la PSV arasında keçirilən Niderland superkuboku matçını idarə etdikdən sonra karyerasını başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button