
“Berdıyevin “qırmızı” alması bizi daha da aqressivləşdirdi” – MÜSAHİBƏ
“Turan Tovuz” bu gün Azərbaycan Premyer Liqasının 30-cu turunda “Sabah”ı qəbul edib.
2:1 hesabı ilə qalib gələn bölgə təmsilçisinin toqolu müdafiəçisi Emanuel Hakman oyundan sonra Komanda.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
– İlk öncə oyun barədə fikirlərini bölüşərdin…
– Oyuna yaxşı başlamadıq. Buraxdığımız qoldan sonra toparlanmağa çalışdıq, hücumlar etməyə başladıq. Amma alınmırdı. İkinci hissədə isə istəyimizə nail olduq, bir dəqiqə ərzində iki qol vurub qalib gəldik.
– Baş məşqçiniz Kurban Berdıyevin qırmızı vərəqə alması komandanın oyununa necə təsir etdi?
– Biz bu situasiyaya alışmamışdıq. O, həmişə məşqçilər üçün ayrılan zonadan bizə tapşırıqlarını verirdi, buna alışmışdıq. Onun qırmızı vərəqə alması bizi daha da aqressivləşdirdi və çalışdıq ki, onun üçün qələbə qazanaq. Onun üçün vuruşduq və qalibiyyəti də onun üçün əldə etdik.
– İlk üçlüyə düşmə şansınızı necə dəyərləndirirsən? Səncə, avrokuboklara yollanmaq üçün çempionatda ilk üçlüyə düşmək daha realdır, yoxsa ölkə kubokunda “Qarabağ”ın və ya “Araz-Naxçıvan”ın qazanması halında dördüncü yerdən getmək?
– Biz “Qarabağ” və ya “Araz-Naxçıvan”dan asılı olmaq istəmirik. Kubokun nəticəsi haqda heç nə düşünmürük. Sadəcə, axıra qədər mübarizə aparacağıq və sonuna kimi əlimizdən gələni edəcəyik ki, Konfrans Liqasının təsnifat mərhəlsində çıxış edək.
– “Turan Tovuz”la müqavilənin müddəti mövsümün sonunda bitir…
– Müqaviləmin müddəti mövsümün sonunda bitəcək. Bu haqda hazırda düşünmürəm amma, “Turan Tovuz”u tərk etmək istəmirəm.
– Klubdan təklif var?
– Yox. Hələ ki, heç bir danışığımız yoxdur.
– Uzun müddət idi ki, qələbə qazana bilmirdiz. Düşünürsən ki, bugünkü qalibiyyət bundan sonrakı oyunlarınıza yaxşı mənada təsir edər?
– Təbii ki, bu qələbə bizim üçün çox vacib idi. Qalib gəlmək üçün mübarizə aparırdıq və bu qələbə bizi daha çox həvəsləndirəcək ki, mövsümün sonunda istədiyimiz nəticəyə nail olaq.
– Oyunun gedişatı elə göstərirdi ki, rəqib azlıqda qalmasaydı, qələbə qazanmağınız real görünmürdü…
– Mən buna inanıram ki, onsuz da biz döyüşəcəkdik, irəli atılacaqdıq və qələbə qazanmaq üçün əlimizdən gələni edəcəkdik. Rəqibin azlıqda qalıb-qalmamasından asılı olmayaraq, sonadək mübarizə aparacaqdıq.
– Say baxımından üstün olmağınıza baxmayaraq, rəqib sona yaxın 2-3 real qol epizodu yaratdı, sən də komanda yoldaşlarına əsəbiləşdin…
– Futbolda belə hallar olur. Rəqib on nəfərlə qalmasına baxmayaraq, daha çox hücuma çıxırdı. Biz də topa nəzarəti özümüzdə saxlamaq istəyirdik. Bəzi epizodlarda bunu edə bilmirdik. Buna görə əsəbi olurdum, aqressivləşirdim. Amma yaxşı ki, sonda istədiyimiz nəticəyə nail olduq.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



