Kurban Berdıyev: “Qarabağ”la oyuna böyük ümidlərlə baxırıq”

Qazaxıstanın “Kayrat” komandasının baş məşqçisi Kurban Berdıyev Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:

“Sabahkı oyun maraqlı olacaq. “Qarabağ”ın Azərbaycan klubları arasında lider olduğunu bilirik. Bu rəqiblə görüşə böyük ümidlərlə baxırıq. Biz heç-heçə üçün gəlməmişik. Sabahkı matçda bizə mütləq qələbə lazımdır. Meydana hansı taktika ilə çıxacağımızı burda açıqlamaq istəmirəm. Vaqner Lavın durumuna gəlincə, o, “Bazel”lə görüşdə zədələnib və bu səbəbdən cəmi 2-3 məşqə qatılıb. Buna baxmayaraq, onun sabah meydana çıxmaq şansı var”.

Kurban Berdıyev erməni futbolçu Kamo Ohanesyanın “Qarabağ”la oyun üçün Bakıya gəlməməsinə də münasibət bildirib. Rusiyalı mütəxəssis bunun 29 yaşlı müdafiəçinin şəxsi fikri və qərarı olduğunu deyib.

Mətbuat konfransında “Kayrat”ın futbolçusu Denis Polyakov da iştirak edib. 30 yaşlı belaruslu müdafiəçi bildirib ki, futbol komanda oyunudur:

“Rəqibin yaxşı hücum xəttinə malik olduğunu bilirik. “Qarabağ” yaxşı təşkilatlanmış kollektivdir, təcrübəli komandadır. Sabahkı oyundan sonra Almatıya müsbət nəticə ilə qayıtmaq istəyirik”.

Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Kayrat” matçına saat 20:45-də start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button