Kuçka Bakıdakı istidən ehtiyat edir: “Bu, Azərbaycanı millisini silkələyə bilər”
Slovakiya yığmasının yarımmüdafiəçisi Yuray Kuçka AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində iyunun 11-də Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi yerli federasiyanın rəsmi saytına açıqlamasında ölkəmizin iqliminin onlara çətinlik yarada biləcəyindən söhbət açıb:
“Azərbaycanla matçın çox çətin olacağını gözləyirəm. Bu rəqib bizə elə də tanış deyil. Bakıda çətin şərtlər altında oynayacağıq. Bu ölkənin iqlimi tam fərqlidi və buna uyğunlaşmalıyıq. Oyundan 2 gün əvvəl orada olmağımız bizə kömək edə bilər. Hava şəraitinə nə dərəcədə öyrəşməyimiz matçda bilinəcək”.
Kuçka millimizin Macarıstana dünənki məğlubiyyətinin onlar üçün üstünlük olmadığını hesab edir: “Buna fikir verməməliyik. Məğlubiyyət onları silkələyə bilər. Bizimlə oyunda qol vurmağa çalışacaqlar. Macarlar kimi dueldən qalib ayrılmaq istəyiriksə, yüz faizlik konsentrasiya ilə oynamalıyıq. Bakıdan 3 xalla qayıtmaq istəyirik”.
Azərbaycan – Slovakiya matçına saat 20:00-da start veriləcək.
Bizi Facebook-da izləyin